Akademik Akif Əlizadə: “AMEA ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan müqavilələr elm və təhsilin inteqrasiyasına təkan verəcək” 2013-11-26 11:15:09 / CONFERENCES

AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalandı

Noyabrın 22-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşmüşdür. 

Görüşdə, həmçinin ali məktəbin idarəetmə qurumlarının işçiləri və Neft-kimya Prosesləri İnstitutunun əməkdaşları iştirak edirdilər. 

Öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi və qısa müddətdə əldə etdiyi uğurlardan danışdı. Bildirdi ki, ötən il bu təhsil ocağına qəbul olmaq üçün orta bal 631, cari ildə isə 656 olmuş, tələbələrdən 27-si Prezident təqaüdünə layiq görülmüşdür. 

O, ali məktəb tələbələrinə 1-ci tədris ilində ingilis dilinin və informasiya-kommunikasiya texnologiyalarının tədris olunduğu qeyd edərək, dərslərin Böyük Britaniyanın Hariot-Vatt Universitetinin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə tədris proqramları əsasında keçirildiyini diqqətə çatdırdı. 

E.Qasımov rəhbərlik etdiyi qurumun Bakıda fəaliyyət göstərən transmilli şirkətlər (“BP”, “Total”, “Statoyl” və s.) ilə əməkdaşlıq əlaqələrindən söz açdı. Tədris prosesinin elmi fəaliyyətlə vəhdətdə olmasının vacibliyini, hər zaman elmi qurumlarla əlaqələrin genişləndirilməsinə səy göstərildiyini vurğuladı. Rektor AMEA-nın NKPİ və İnformasiya Texnologiyaları İnstitutu ilə bağlanacaq razılaşmaların bu əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacağını bildirdi. 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə ictimaiyyəti arasında böyük nüfuz qazanmış müasir tipli ali məktəbin kollektivi ilə görüşdən məmnun olduğunu söylədi. O, AR Prezidenti İlham Əliyevin elm və təhsilin problemlərini daim diqqətdə saxlayaraq, gənclərin ali təhsil və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı qəbul etdiyi xüsusi dövlət proqramlarından danışdı. Azərbaycanın dünyanın elm və təhsil məkanına inteqrasiyası istiqamətində mühüm addımlar atıldığını vurğuladı, gəncləri onlar üçün yaradılmış imkanlardan faydalanmağa çağırdı. 

AMEA rəhbəri Bakı Ali Neft Məktəbi ilə AMEA-nın 2 institutu arasında bağlanacaq müqavilələrin həm təhsilin keyfiyyətinə, həm də elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi. Akademiyanın digər qurumlarının da müvafiq ali məktəblərlə əməkdaşlıq əlaqələrinin qurulacağını bildirərək AMEA Rəyasət Heyəti tərəfindən bu kimi təşəbbüslərə hərtərəfli dəstək veriləcəyini qeyd etdi: “AMEA ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan müqavilələr elm və təhsilin inteqrasiyasına təkan verəcək”. 

Sonra İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, müxbir üzv, professor Rasim Əliquliyev çıxış etdi. Azərbaycanda yeni inkişaf mərhələsi olan biliklər cəmiyyətinin formalaşmaqda olduğunu bildirən alim dövlət başçısının qeyri-neft sektorunda apardığı uğurlu siyasətin nəticəsi olaraq, 2013-cü ilin "İKT ili" elan olunduğunu qeyd etdi. Bu istiqamətdə cari ildə müvafiq dövlət proqramı çərçivəsində mühüm layihələrin həyata keçirildiyini bildirdi. İnformasiya cəmiyyətinin hədəflərindən söhbət açdı: “Sənaye cəmiyyətinin əsas istehsal müəssisələri zavod və fabriklər idisə, biliklər cəmiyyətinin fabrikləri universitetlər, elmi tədqiqat müəssisələridir. Ona görə də bu gün elmə, təhsilə yeni baxış zəruridir. Elm və təhsil ocaqlarının fəaliyyəti “Azərbaycan-2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının hədəflərinə yönəlməlidir. Elmin təhsilə inteqrasiyası prosesində İKT-nin rolu böyükdür. Neft sahəsində yüksək texnologiyaların tətbiqi İKT biliklərinə malik yeni nəslin formalaşmasını zəruri edir. 

Dünya təhsil mühitinə inteqrasiya olunan ali məktəblərdən biri də Bakı Ali Neft Məktəbidir. Burada təhsil alan tələbələr İnformasiya Texnologiyaları İnstitutunun imkanlarından maksimum istifadə edə biləcəklər. İnstitutun elmi potensialı yüksək səviyyəli kadrların hazırlanmasına dəstək verməyə hazırdır”. 

AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov imzalanacaq razılaşma çərçivəsində Bakı Ali Neft Məktəbinin tədris laboratoriyalarının yaradılacağını bildirdi. Tələbələrin istehsalat təcrübəsinin bir hissəsini institutun laboratoriyalarında keçməsinin, birgə elmi-tədqiqatların aparılmasının vacibliyini önə çəkdi. 

Daha sonra Elmar Qasımov, Vaqif Abbasov və Rasim Əliquliyev rəhbərlik etdikləri qurumlar arasında əməkdaşlıq haqqında müqavilələri imzaladılar. 

Tədbirin sonunda akademik Akif Əlizadəyə Bakı Ali Neft Məktəbinin “Fəxri qonağı” diplomu təqdim edildi. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024