AMEA Kibernetika İnstitutunun “Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları” laboratoriyasının əməkdaşları “Toplanmış və paylanmış parametrli stasionar və qeyri stasionar proseslərin və obyektlərin modelləşdirilməsi, identifikasiyası, optimallaşdırılması və optimal idarə olunmasının riyazi təminatının işlənməsi” mövzusunda araşdırmalar aparır.
İnstitutun direktoru, akademik Telman Əliyev və laboratoriyanın rəhbəri, texnika elmləri doktoru professor Kamil Aydazadənin rəhbərliyi altında qeyd olunan mövzu üzrə aparılan tədqiqatlar aşağıdakı istiqamətləri əhatə edir: inteqral şərtli yüklənmiş sistemlər üçün optimal idarəetmə məsələsinin ədədi həlli; neftin qərarlaşmamış hərəkət rejimi zamanı magistral neft kəmərində sızma yerlərinin və həcmlərinin təyin edilməsi; lokal və qeyri-lokal şərtlərə malik parabolik və hiperbolik tənliklərə nəzərən müəyyən sinif tərs məsələlərin ədədi həlli; insan ilə tematik dioloqu dəstəkləyən intellektual kompüter sisteminin proqram təminatının işlənməsi.
Aparılan tədqiqat işləri zamanı meydana çıxan mürəkkəb məsələlərin həllində böyük hesablama və yaddaş resurslarına malik kompüterlərə tələbat yaranmışdır. Bu məsələlərin həlli üçün AzScienceNet elm kompüter şəbəkəsinin Cloud Computing xidmətinin köməyilə 16 hesablama qovşağı və 16 Gb əməli yaddaş resurslarına malik virtual hesablama maşınlarından istifadə olunmuşdur. Bu da qeyd edilən mürəkkəb məsələlərin qısa bir zamanda həll edilməsinə imkan verir.