“Bakutel 2013” sərgisi çərçivəsində bir sıra beynəlxalq konfranslar keçiriləcək 2013-09-04 14:54:01 / CONFERENCES

“İteca Caspian” şirkəti 2013-cü ilin payız sərgi mövsümünü açıq elan edib. Mövsüm 2-5 dekabr tarixlərdə keçiriləcək “Bakutel 2013” XIX Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisi ilə başa çatacaq. 

Məlumdur ki, AR Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan edilib. Builki “Bakutel 2013” sərgisi də Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlərin nümayişi üçün unikal meydança rolunu oynayacaq. 

Ənənəvi olaraq, sərgidə aparıcı İKT şirkətləri, mobil rabitə və kommunikasiya operatorları, habelə İnternet provayderləri iştirak edəcəklər. 

Sərgiyə həmçinin Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən olan şirkətlər qatılacaqlar. 

“Bakutel 2013” çərçivəsində kibertəhlükəsizlik mövzusunda konfrans və Dünya azərbaycanlılarının I virtual konfransı, habelə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun təşkilati dəstəyi ilə “Azərbaycanda İnternet: dünən, bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktiki konfrans, “TASİM” konsorsiumuna daxil olan əsas telekommunikasiya operatorlarının illik forumu, “İnternet regional inkişaf və təşviqatın lokomotivi kimi” mövzusunda İnternet idarəçiliyi üzrə Azərbaycan Respublikasının birinci beynəlxalq forumu, Azərbaycan Respublikasında dövlət və özəl İKT sektorları arasında əməkdaşlıq üzrə mütəxəssislər mərkəzinin yaradılması ilə əlaqədar tədbir, o cümlədən Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial komissiyanın “Biliklərə əsaslanan iqtisadi inkişaf üzrə “SPECA” layihəsinin (BMT-nin Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu”nun iclası, həmçinin Azərbaycan-Argentina və Azərbaycan-ABŞ İKT forumları keçiriləcək. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024