Spamerlər Facebook-da 200 milyon dollar qazanır 2013-09-02 09:42:28 / CONFERENCES

Tədqiqatçılar Facebook-dakı spamları araşdıraraq belə nəticəyə gəliblər ki, bu biznes ildə 200 milyon dollardan çox gəlir gətirir. Facebook-un rəqiblərindən biri olan Google da dolayı yolla bu sosial şəbəkədəki spamların hesabına zənginləşir. 

Araşdırmanın müəllifləri İtaliyalı ekspertlər Andrea Stropp və Karo De Mişeli sosial şəbəkədə 100 mindən çox səhifəni təhlil ediblər. Spamı adi yazılardan fərqləndirmək üçün açar sözlər üzrə axtarışdan istifadə olunub. Qeyd olunur ki, spamların səciyyəvi xüsusiyyətlərindən biri də qısaldılmış istinadların mövcudluğudur. 

hitech.vesti.ru saytının məlumatına görə, tədqiqatçılar spam-xidmətlərin sifariş edilə biləcəyi resursları təhlil ediblər. Məlum olub ki, 30 000 üzvü olan səhifədə 1 spam-yazının dəyəri təxminən 13 dollar, 100 000 üzvü olan səhifədə isə 58 dollardır. 

Nəzərə alsaq ki, spamerlər 24 saat ərzində səhifədə təxminən 18 000 post yerləşdirirlər, qeyri-qanuni reklamçıların gəlirləri 1 il üçün 200 milyon dollara çatır. Tədqiqatçılar qeyd edirlər ki, spamerlər Facebook cəmiyyətinin üzvü deyillər, onlar yalnız xidmətin uğurları və onun milyonlarla auditoriyasından yararlanırlar. 

Qeyd edək ki, bu maraqlı araşdırma Stropp və Mişelinin ilk işi deyil. Bundan əvvəl tədqiqatçılar Twitter-də saxta hesablar və izləyicilər haqqında səs-küyə səbəb olan məruzə hazırlamışdılar. Nəticədə, bu biznesin il ərzində 360 milyon dollar gəlir gətirdiyi məlum olmuşdur. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024