Müasir dövrdə müxtəlif fəaliyyət sahələrində informasiya texnologiyalarının imkanlarından geniş istifadə innovativ tərəqqinin əldə olunması üçün başlıca şərtlərdəndir. Bu hədəfin uğurla reallaşdırılmasında isə İT sahəsində yüksək ixtisaslı peşəkar kadrların yetişdirilməsi mühüm amildir. Hazırda təkcə Azərbaycanda deyil, hətta dünyanın ABŞ və Avropa kimi inkişaf etmiş ölkələrində belə İKT üzrə dərin biliklərə malik olan, qabaqcıl təcrübəni yüksək səviyyədə mənimsəyən kreativ təfəkkürlü mütəxəssislərə böyük tələbat vardır.
Bu gün cəmiyyətin müxtəlif sahələrində informasiya xidmətlərinə artan tələbat şəbəkə texnologiyaları və avadanlıqlarının, o cümlədən informasiya təhlükəsizliyinin təmininə dair yeni məhsulların öyrənilməsi zəruriyyətini qarşıya qoyur. Mikroprosessorların istehsalına görə dünyada məşhur olar “İntel”, kompüter şəbəkələri üçün avadanlıqların istehsalında tanınmış şirkətlərdən olan “Cisco”nun və s. kompaniyaların qabaqcıl təcrübəsinin öyrənilməsi, onların təşkil etdikləri treninq kurslarında iştirak peşəkar mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır.
”Cisco”nun təlim kurslarında iştirak etmək məqsədlə 12 may-8 iyun tarixlərində AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Babək Nəbiyev Ukraynanın paytaxtı Kiyevə ezam olunub. Bu kurslar informasiya təhlükəsizliyinin təmini ilə bağlı şirkətin müxtəlif avadanlıqları, onların funksiyaları, işləmə mexanizmi, tətbiqi və istismarına dair daha dərin nəzəri və praktiki biliklərin əldə olunmasına imkan verir.
Kurslarda “Cisco”nun aparıcı mütəxəssisləri tərəfindən IPS (Intrusion Prevention System – təhdidlərin qarşısının alınması sistemi) – təhdidləri aşkar edərək onların qarşısını alan şəbəkə və kompüter təhlükəsizliynə dair proqram və aparat sistemi, Cisco ASA (Adaptive Security Appliance) — şəbəkələrarası ekran aparatları, CSC (Security Services Module) – servis təhlükəsizliyi modullları və s. ilə bağlı mühazirələr oxunmuş, praktiki işlər aparılmışdır.
Qeyd edək ki, təlim kursları zamanı əldə olunan təcrübənin AzScienceNet elm kompüter şəbəkəsində tətbiq olunması nəzərdə tutulur ki, bu da şəbəkənin resurslarının daha səmərəli idarə və istifadə olunmasına imkan verəcək.