AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 və 11 saylı şöbələrin birgə elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan 3 saylı şöbənin müdiri Təhmasib Fətəliyev seminarın şəbəkə mühitində elektron texniki xidmət sisteminin yaradılması məsələlərinə həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən institutun Ümumi işlər üzrə direktor müavini, 11 saylı şöbənin müdiri Şakir Mehdiyev informasiya texnologiyalarının inkişafının maşın və avadanlıqlara edilən ənənəvi texniki xidmətlərin yeni vasitələrinin yaradılması üçün geniş imkanlar açdığını bildirdi. Qeyd etdi ki, son illər tətbiq olunan elektron texniki xidmət sistemi bu sahənin aktual yeniliklərindəndir.
Ş.Mehdiyev mürəkkəb texniki struktura malik olan e-elmin fasiləsiz və etibarlı fəaliyyətinə dəstək məqsədilə onun e-texniki xidmət sisteminin işlənməsinin vacib məsələlərdən olduğunu vurğuladı. Şöbə müdiri bu sistemin yaradılmasında əsas məqsədin e-elmin mürəkkəb tərkib hissəsini təşkil edən texniki və proqram vasitələrinin etibarlı, səmərəli və fasiləsiz işçi vəziyyətinin təmin olunmasına xidmət etdiyini diqqətə çatdırdı: “Bu məqsədə nail olunması sistemin profilaktika, nəzarət, diaqnostika, nasazlıqların aşkarlanması, lokallaşdırılması, proqnozlaşdırılması, qarşısının alınması və bərpası kimi funksiyaları ilə həyata keçirilir”.
Onun sözlərinə görə, sistem və proqram mühəndisliyinin tələblərinə cavab verən e-texniki xidmət ərazi cəhətdən paylanmış infrastruktura malikdir. Bu sistem mürəkkəb analitik-informasiya sistemlərinə xas olan kommunikasiya, verilənlərin toplanması, saxlanması, emalı və intellektual analizi vasitələrindən təşkil olunur. Onun texniki vasitələrə birbaşa təsir və istifadəçilərə dəstək əks əlaqə mexanizmləri mövcuddur.
Sonda Ş.Mehdiyev müxtəlif təyinatlı çox sayda texniki və proqram vasitələrindən təşkil olunmuş e-elmin səmərəli və fasiləsiz işinin təmin olunmasının əhəmiyyətindən danışaraq Veb 2.0 və Əşyaların İnterneti texnologiyalarının meydana gəlməsinin texniki xidmət sahəsində mühüm yeniliklərə səbəb olduğunu nəzərə çatdırdı.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.