AzScienceNet şəbəkəsinin inkişaf mərhələləri
İlkin mərhələ və şəbəkənin formalaşması
Respublika Hesablama Mərkəzini birləşdirən Verilənlərin Ötürülməsi Şəbəkəsi (Akademset şəbəkəsi) ötən əsrin 80-ci illərində X.25 texnologiyaları əsasında yaradılmışdır.
Azərbaycan Respublikasında İnternet şəbəkəsinin qurulması EARN (European Academic & Research Network – Avropa Elm və Tədqiqat Şəbəkəsi) təşkilatının AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan qovşağının yaradılması ilə başlanmışdır.
1991-ci ildə beynəlxalq “Sovam Teleport” şəbəkəsinə qoşulmaqla ilk elektron poçt xidməti yaradılmışdır. Bu xidmət AMEA-nın institut və təşkilatlarına, eləcə də bir sıra dövlət müəssisələrinə “Sovam Teleport”, “EARN”, “BITNET”, “RELCOM”, “IASNET” və digər beynəlxalq kompüter şəbəkələrinin xidmətlərindən istifadə etmək imkanı vermişdir.
1995-ci ildə AMEA-nın Əsas binasında AzScienceNet şəbəkəsinin II Azərbaycan qovşağı yaradılmışdır. I və II qovşaqlar arasında birbaşa ayrılmış telefon xətti ilə əlaqənin qurulması nəticəsində respublikada geniş infrastruktura malik kompüter şəbəkəsi fəaliyyətə başlamışdır.
1995-ci ildə Azərbaycan Respublikasında ilk veb-sayt AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.ab.az adı altında yaradılmış və AzScienceNet serverlərində yerləşdirilmişdir.
. 
Şəkil 1. AzScienceNet şəbəkəsinin infrastrukturu
Elm portalının inkişafı və AzRENA
www.ab.az saytı əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və infrastrukturuna uyğun olaraq yenidən işlənmiş və www.science.az (www.elm.az, www.nauka.az) portalı adlandırılmışdır. Portal 24 sentyabr 2003-cü ildə daimi istismara verilmişdir.
www.science.az portalının əsas məqsədləri Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, müxtəlif elm sahələrində çalışan alimlərin xarici həmkarları ilə bilik və informasiya mübadiləsini aparmasına, elmi nailiyyətlərini bölüşməsinə, elmi, elmi-pedaqoji və elmi-texniki əlaqələr yaratmasına şərait yaratmaqdır. Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Şəkil 2. AMEA-nın www.science.az portalı
“Virtual İpək Yolu” layihəsi
NATO-nun Elm Komitəsi tərəfindən təklif olunan “Virtual İpək Yolu” layihəsinin həyata keçirilməsinin AMEA-ya həvalə edilməsi akademiyada İnternet şəbəkəsinin növbəti inkişaf mərhələsinin başlanmasına səbəb olmuşdur.
Layihədə üç Qafqaz ölkəsinin — Azərbaycan, Gürcüstan və Ermənistanın, eləcə də beş Mərkəzi Asiya ölkəsinin — Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın müasir peyk texnologiyaları vasitəsilə İnternet şəbəkəsinə qoşulması və bununla “Virtual İpək Yolu”nun yaradılması nəzərdə tutulurdu.

Şəkil 3. «Virtual İpək Yolu» layihəsi

Şəkil 4. NATO-nun baş katibi lord Corc Robertsonun iştirakı ilə keçirilən videokonfrans


Şəkil 5. AzScienceNet şəbəkəsinə qoşulan kompyuterlərin dinamikası
İnfrastrukturun genişləndirilməsi
2010-cu ildə AzScienceNet şəbəkəsinin yeni qovşağı işə salınmışdır. Qovşaq AMEA İnformasiya Texnologiyaları İnstitutunun binasında yerləşmiş və yeni İnternet mərkəzi əsasən Cisco, IBM və HP məhsulları olan telekommunikasiya və server avadanlıqları ilə təchiz edilmişdir.
Şəkil 6. AzScienceNet-in yeni mərkəzi
3–4 iyun 2010-cu ildə Vilnüsdə keçirilmiş TERENA Baş Assambleyasında AzScienceNet elm kompüter şəbəkəsinin TERENA-ya (Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası) üzvlüyü barədə qərar qəbul edilmişdir. Bu üzvlük Azərbaycan elmi-tədqiqat və təhsil şəbəkəsinin Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiyası istiqamətində mühüm addım olmuşdur.
29 mart 2011-ci ildə TERENA-nın Texniki Komitəsinin katibi Valentino Kavalli və digər məsul əməkdaş Kevin Meynelli AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu və görülən işlərlə tanış olmaq üçün İnformasiya Texnologiyaları İnstitutunda olmuşlar. Görüş zamanı Avropa şəbəkə mühitinə inteqrasiya proseslərinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Şəkil 7. TERENA-nın Texniki Komitəsinin katibi Valentino Kavalli ilə görüş
Şəbəkənin idarə edilməsi və informasiya təhlükəsizliyi
Yeni xidmətlər və elmi-təhsil infrastrukturu
AzScienceNet şəbəkəsində Eduroam xidməti yaradılmışdır. Şəbəkədə yerləşdirilmiş server respublika üzrə milli operator funksiyasını yerinə yetirmiş və 11 noyabr 2011-ci ildə TERENA-nın (GEANT) nəzdində fəaliyyət göstərən European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir.
2011-ci ilin sonlarında AMEA-nın institut və təşkilatlarında böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün AzScienceNet əsasında DATA Mərkəzi (data-center) yaradılmışdır.
AzScienceNet şəbəkəsində eduGAIN xidməti yaradılmışdır. 2022-ci ildə AzScienceNet ŞİM-nin eduGAIN interfederasiyası xidmətinə üzvlüyü təsdiq edilmişdir.
20 dekabr 2019-cu ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında GEANT-ın EaPConnect layihəsinin dəstəyi ilə AzScienceNet vasitəsilə LoLa (Low Latency – aşağı gecikməli) audiovizual yayım sistemi daimi istismara verilmişdir. Onlayn tədbir MİRCO layihəsi çərçivəsində AzEduNet, AzScienceNet, Estoniyanın Musiqi və Teatr Akademiyasındakı HITSA EEnet və İtaliyanın GARR tədqiqat və təhsil şəbəkələri arasında əməkdaşlıq əsasında həyata keçirilmişdir.
LoLa texnologiyası AzScienceNet-in dəstəyi ilə Naxçıvan Dövlət Universitetinin konservatoriyasında quraşdırılmışdır. 3 may 2025-ci ildə Naxçıvanda Bakı Musiqi Akademiyasında və Naxçıvan Dövlət Universiteti arasında GEANT və EaPConnect layihəsinin dəstəyi ilə LoLa konserti keçirilmişdir.

Şəkil 8. DATA Mərkəzinin arxitekturası

Şəkil 9. DATA Mərkəzi
AzScienceNet şəbəkəsinin Data Mərkəzinin hal-hazırki texniki xarakteristikası

Şəkil 10. AzScienceNet Data Mərkəzi

Şəkil 10: AzScienceNet şəbəkəsinin hal-hazırki xidmət dairəsi
