Proqram məhsullarının keyfiyyət göstəriciləri müzakirə olundu 2017-04-28 16:49:08 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev bildirdi ki, müasir dövrdə qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da informasiya və biliklər iqtisadiyyatı formalaşmaqdadır. Yeni iqtisadiyyatın formalaşmasında mühüm rol oynayan İKT-nin inkişafına da dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bu sahənin tərkib hissələrindən biri də proqram məhsullarının keyfiyyətli istehsalı və idarə olunmasıdır.

 

O, həmçinin proqram məhsulları istehsalının qiymətləndirilməsi üzrə iqtisadi xarakteristikalar, proqram məhsulları istehsalının iqtisadiyyatına təsir edən keyfiyyət xarakteristikaları və s. haqqında ətraflı məlumat verdi.

 

Sonra çıxış edən institutun əməkdaşı Leyla Əkbərova “Proqram məhsullarının keyfiyyətinin qiymətləndirilməsinin iqtisadi göstəriciləri” mövzusunda məruzəni təqdim etdi. Proqram məhsulunun mürəkkəblik göstəricilərindən söz açaraq bildirdi ki statik mürəkkəblik proqram məhsulunun layihələndirilməsi və istehsalının mürəkkəbliyini göstərir. Bu zaman onun təyinatı, funksiyaları və xarakteristikaları reallaşır, eləcə də əsas nöqsanlar aradan qaldırılır. Dinamik mürəkkəblik isə nəticələrin əldə olunması üçün proqram məhsulunun fəaliyyət və tətbiqinin mürəkkəbliyini bildirir. Bu halda onun funksional təyinatı və keyfiyyəti reallaşır.

 

Proqram məhsullarının iqtisadi xüsusiyyətlərinin uçotu, analizi və proqnozlaşdırılmasından danışan məruzəçi proqram kompleksinin işlənilməsinə başlayarkən birinci növbədə ilkin verilənlərin (layihənin mümkün miqyası, qarşıya qoyulan məqsədlərin mürəkkəbliyi, funksiyaları, layihə resursları və ayrılan vaxt) real qiymətləndirilməsinin vacib olduğunu diqqətə çatdırdı.

 

Onun sözlərinə görə, proqram məhsulları istehsalının iqtisadi xarakteristikalarının uçotu, analizi və proqnozlaşdırılması zamanı onların qiymətləndirilməsi, qiymətləndirmənin dəqiqliyi, faktor və komponentin qeyri-müəyyənlik səviyyəsi, zərurət olduqda iqtisadi xarakteristikaların dəyişdirilməsi, layihənin dəyəri və əmək tutumluluğu məlumatlarının hesabatının aparılması və onların layihənin iqtisadi xüsusiyyətlərinin proqnozlaşdırılması ilə müqayisə edilməsi məqsədəuyğundur.

 

“Aparılan təhlillər göstərir ki, proqram məhsulunun keyfiyyəti proqramlar kompleksinin həyat tsikli ərzində dəyişir. Böyük proqram məhsullarının işlənilməsi zamanı istehsalın texnologiyasının yaradılmasına, müəssisənin və yaradıcı mütəxəssislərin seçilməsinə böyük vəsaitlər xərclənir”, – deyə məruzəçi söylədi.

 

L.Əkbərova qeyd etdi ki, proqram məhsulları istehsalının iqtisadi xarakteristikalarına onların keyfiyyət xarakteristikalarına olan əsas tələblər böyük təsir göstərir. Ona görə də layihə üzərində işə başlayarkən onun həqiqi əmək tutumu, dəyəri və xərcləri haqqında dəqiq məlumatlar əldə olunmalıdır. Bu baxımdan proqram məhsulları ilə bağlı verilənlərin daimi uçotunu aparmaq və bu verilənləri layihənin iqtisadi xarakteristikalarının proqnozları ilə müntəzəm olaraq müqayisə etmək zəruridir.

 

Sonda mövzu ətrafında müzakirələr aparıldı, bir sıra təklif və tövsiyyələr səsləndirildi. Məruzənin cari ilin may ayında keçiriləcək “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransına təqdim olunması qərar alındı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024