Asiya Olimpiya Şurası 2022-ci ildə Çinin Xançjou şəhərində keçiriləcək Asiya oyunları proqramına kiberidmanı daxil edib.
nplus1.ru saytının məlumatına görə, Asiya oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Asiya Olimpiya Şurası tərəfindən 4 ildən bir təşkil edilən idman tədbiridir. Oyunların proqramına ənənəvi idman növləri daxildir.
Kiberidmançılar 2022-ci ildə Asiya oyunlarının tamhüquqlu iştirakçıları olacaq və tutulmuş yerlərdən asılı olaraq medallar qazanacaqlar. Şura nümayəndələrinin sözlərinə görə, proqrama kiberidmanı daxil etmək qərarı yeni formatlı idman tədbirlərinin populyarlığının artması ilə əlaqədardır. Hələ ki, hansı kompüter oyunları və janrlarının proqrama daxil ediləcəyi məlum deyil.
Kiberidman 2018-ci ildə İndoneziyanın paytaxtı Cakartada keçiriləcək Asiya oyunları çərçivəsində də təqdim ediləcək. Lakin rəsmi proqrama daxil olmayan nümayiş yarışları olacaq. Həmçinin kiberidmançılar 2017-ci il Asiya oyunlarında döyüş sənəti üzrə yarışlarda iştirak edəcəklər.