AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Calallının (Sadıqov) İnformatika terminlərinin izahlı lüğəti (ingiliscə-rusca-türkcə-Azərbaycanca) nəşr olunub.
Azərbaycan dilinin qorunması və İKT üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyət daşıyan, çoxillik gərgin araşdırmaların nəticəsi olan kitabın elmi redaktoru AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.
Ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, İnternet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir.
Kitabda, əsasən, proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompüterə dair kitab və xüsusi jurnallarda rast gəlinən terminlərin izahı verilib. Lüğətə kompüter sənayesi, proqram mühəndisliyi kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib.
Beş minədək terminin toplandığı lüğətdə ədədlər və xüsusi simvollarla başlayan terminlər ASCII kodlarına uyğun sıralanıb. Lüğətdəki məqalələr iki qrupa ayrılır: terminlərin tam təsviri olan əsas məqalələr və onların sinonimləri olan istinad məqalələri. Bəzi məqalələr uyğun şəkil, sxem, diaqram və ya cədvəllərlə müşayiət olunub.
Məqalələr ingilis dilindəki terminlərə uyğun sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda Azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.
Kitab müəllimlər, tələbələr, elmi tədqiqatçılar, İKT mütəxəssisləri, bütövlükdə, informasiya cəmiyyətinin üzvləri üçün nəzərdə tutulub.