Yeni nəsil 3D-printer təqdim olunacaq 2017-04-07 11:03:59 / KONFRANSLAR

Rusiyanın “Rosatom” dövlət korporasiyasının tərkibinə daxil olan “Elm və innovasiyalar” Səhmdar Cəmiyyətinin baş direktorunun müavini Aleksey Dub “NDExpo-2017” forumunda yeni nəsil 3D-printer təqdim edəcəklərini açıqlayıb. O, bildirib ki, additiv texnologiyalar çox sürətlə inkişaf edir. Buna görə də mürəkkəb üçölçülü obyektləri asan, tez, keyfiyyətli, eyni zamanda ucuz istehsal etməyə imkan verən tətbiqin hazırlanmasına böyük ehtiyac duyulur.

 

hi-news.ru saytının məlumatına görə, burada, ilk növbədə, metal tozlardan konstruksiyalar çap etmək imkanına malik printerlər nəzərdə tutulur, lakin bu printerlərin digər sahələrdə də (məsələn tibdə) tətbiqi imkanları istisna olunmur.

 

“Rosatom” artıq yeni nəsil 3D-printerinin sınaq nümunəsini təqdim edib. 2017-ci ilin sonuna kimi sınaqların yekunlaşdırılması və ilk seriya nümunələrinin təqdim olunması planlaşdırılır.

 

Korporasiyanın nümayəndələri qeyd ediblər ki, bütün proqram-aparat kompleksi xarici analoqlardan təxminən 20 faiz daha ucuz başa gələcək. Həmçinin çap üçün metal tozların Rusiyada istehsal olunması çapa qənaət etməyə imkan verəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024