Sosial medianın aktual problemləri araşdırılır 2017-03-31 18:04:44 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsi və İctimaiyyətlə əlaqələr şöbəsinin birgə elmi seminarı keçirildi.

 

Öncə İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Sünbül Zalova “3D sosial media: mahiyyəti və xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış etdi. Bildirdi ki, sosial media ünsiyyət və fayl mübadiləsi vasitəsidir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə, ünsiyyəti interaktiv dialoqa çevirir. Sosial mediaya xəbər saytları, sosial şəbəkələr, bloqlar, mikro-bloqlar, ani ünsiyyət proqramları, forumlar və s. daxildir.

 

Onun sözlərinə görə, 3D İnternet 3D-texnologiyaların inkişafı ilə geniş yayılır. Bu texnologiyaların köməyilə informasiyanı əldə etmək daha da asanlaşır. 3D İnternet və üçölçülü texnologiyalar 3D sosial medianın yaranmasına şərait yaradıb. 3D sosial media vasitəsilə istifadəçilər sosial şəbəkələrdə olan dostları ilə izlədikləri filmi, oyunu və s. paylaşa bilirlər. 3D sosial media ənənəvi mediadan (qəzet, jurnal, radio və televiziya) vizuallığı və virtual reallıqlardan istifadəsi ilə fərqlənir. Virtual reallıq, animasiya, oyun, film və s. kimi sahələrin inkişafı ilə daha da təkmilləşir.

 

“3D sosial media ölkələr arasında rəqəmsal bərabərsizliyi kəskinləşdirir. 3D-oyunlar və sosial media üzərindən yayımlanan bir çox oyunlar gənclərin psixologiyasına mənfi təsir göstərir”, – deyə məruzəçi bildirdi. Qeyd etdi ki, bu kimi problemlərin araşdırılması istiqamətində tədqiqatlar davam etdirilir.

 

Sonra “Sosial mediada menecment məsələləri” mövzusunda məruzəni təqdim edən institutun əməkdaşı İlahə Cəbrayılova sosial medianın istifadəçi tərəfindən veb 2.0 üsulları ilə məzmunun yaradılması və paylaşımını nəzərdə tutan İnternet əsaslı tətbiqetmələr olduğunu bildirdi, onun növləri haqqında məlumat verdi.

 

Sosial medianın menecmentinin qurulmasının müəssisə və təşkilatlar üçün vacib məsələlərdən olduğunu söyləyən məruzəçi menecmentin uğurlu təşkilində media-menecerlərin xüsusi rola malik olduğunu qeyd etdi.

 

Sosial mediada təşviqat xarakterli kampaniyaların təşkilinin həyata keçirilməsi mərhələlərindən danışan İ.Cəbrayılova kampaniyaların monitorinqinin aparılması və dəyərləndirilməsinin önəmini vurğuladı.

 

O, sosial medianın menecmenti zamanı rast gəlinən problemləri nəzərə çatdıraraq sosial media böhranı, onun idarə edilməsi, böhrandan qorunma yolları, böhran vəziyyətində şirkətlərin sosial media strategiyasının qurulması üsullarını təqdim etdi.

 

Sosial medianın menecmenti üzrə beynəlxalq təcrübədən söz açan İ.Cəbrayılova dünyanın bir sıra ölkələri ilə yanaşı, ölkəmizdə də bu sahə üzrə fəaliyyət göstərən şirkətlərin mövcud olduğunu diqqətə çatdırdı.

 

Sonda məruzəçi sosial medianın menecmenti sahəsində təhsil, bu sahənin problemlərinin müzakirə olunduğu konfranslar, elmi əsərlər haqqında məlumat verdi.

 

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev sosial medianın aktual problemlərinin araşdırılmasının vacib məsələlərdən olduğunu qeyd edərək bu istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

 

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024