AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin “Şəbəkə trafikinin modelləşdirilməsi metodları” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi. Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev mövzunun aktuallığını önə çəkərək müasir kompüter şəbəkələrinin etibarlığı və əlyetərliyini təmin etmək üçün onların fəaliyyətinin effektivliyinin dəqiq qiymətləndirilməsinin çox vacib olduğunu bildirdi. Şəbəkə trafikinin modelləşdirilməsinin kompüter şəbəkələrinin məhsuldarlığının idarə edilməsi və şəbəkə xidmətlərinin istifadəçilərin tələblərinə uyğun olaraq, etibarlı şəkildə yüksək keyfiyyətinin təmin edilməsi üçün zəruri olduğunu vurğuladı.
Bütün növ şəbəkə trafiklərinin xarakteristikalarının analizi üçün vahid effektiv şəbəkə trafiki modeli olmadığını qeyd edən R.Şıxəliyev seminar iştirakçılarını şəbəkə trafikinin müxtəlif modelləri ilə tanış etdi. Hər bir model barədə ətraflı məlumat verərək şəbəkə trafiki modellərinin üstün və çatışmayan cəhətlərini də diqqətə çatdırdı. Şəbəkənin növü və analiz edilən trafikin xarakteristikalarının şəbəkə trafiki modelinin seçilməsinə təsir göstərdiyini qeyd etdi.
Məruzəçi bildirdi ki, istifadə edilən model faktiki şəbəkə trafikinin xarakteristikalarını effektiv şəkildə təsvir etməyə imkan vermədikdə bu model əsasında şəbəkənin məhsuldarlığının qiymətləndirilməsi adekvat olmayacaq və yüksək xidmət keyfiyyətinin təmin edilməsi çətinləşəcək.
Sonda mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.