"Futuresource Consulting" analitik şirkətinin məlumatına görə, 2013-cü ildə smartfonların tədarükü 50 faiz artaraq 1 milyardı ötüb. Ekspertlər hesab edirlər ki, 2014-cü ildə smartfonların tədarük həcmi daha 19 faiz artaraq 1,2 milyardı ötəcək. Şirkətin analitiki Oliver Rauntri insanların tədricən daha böyük ekranlı mobil telefonlardan istifadəyə üstünlük verdiklərini qeyd edib. Belə ki, ötən il satılmış smartfonların əksəriyyətində ekranların diaqonalı 4-5,5 düym təşkil edib.
dailycomm.ru saytının məlumatına görə, ekspert, həmçinin "fablet"lərin (ekranının diaqonalı 5,5 düymdən çox olan smartfonlar) populyarlığına diqqət yetirib. Ötən il belə aparatlar Cənub-Şərqi Asiyada yüksək tələbatlı olub, lakin digər bazarlarda bu məhsula tələbat az olduğundan qlobal satış həcmində onların bazar payı 6 faiz təşkil edib.
Mütəxəssislər hesab edirlər ki, cari ildə fabletlər bazarda böyük paya sahiblənəcək, müxtəlif mobil məzmunun mümkünlüyü nəticəsində bu form-faktor istehlakçılar üçün cəlbedici olacaq. Smartfon seqmentində müsbət dinamikanın saxlanmasına baxmayaraq, analitiklər bir çox inkişaf etmiş bazarların "doyma" həddinə çatması haqda xəbərdarlıq ediblər.
Bundan başqa, Oliver Rauntri ən böyük smartfon bazarı olan Çində tempin aşağı düşməsi haqda məlumat verib.
Tədqiqatda, həmçinin adi mobil telefonların satış həcminin çox sürətli şəkildə azalması barədə məlumat verilib. 2013-cü ildə yalnız 710 milyon adi mobil telefon satılıb ki, bu da ötən illə müqayisədə 20 faiz aşağı göstəricidir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, bir sıra inkişaf etməkdə olan bazarlarda bu aparatlara hələ tələbat var.