AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirildi. Tədbirdə kompüter dilçiliyi, dil mühəndisliyi və sənayesi, emosiya informatikası, dilin virtual məkana inikas olunması, həmçinin dilçilikdə kompüter texnologiyalarının tətbiqi istiqamətində çoxaspektli problemlər müzakirə olundu.
İnstitutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev elmi seminarda “Dil mühəndisliyinin elmi-nəzəri problemləri və tədqiqat istiqamətləri” mövzusunda məruzə ilə çıxış edərək bu sahədə böyük xidmətləri olan alimlər, müxtəlif baxışlar, yeni yanaşmalar, terminlər, anlayışlar və s. haqqında ətraflı məlumat verdi.
O, təbii dillərdə statistik qanunauyğunluqların öyrənilməsi ilə məşğul olmuş amerikalı linqvist Corc Kinqsli Zipfin yanaşmaları və dil mühəndisliyi sahəsində geniş istifadə olunan Zipf qanunlarından, eləcə də Amerikanın tanınmış dilçi alimi, formal dillərin təsnifatının müəllifi, “Müasir linqvistikanın atası” adlandırılan Noam Komskinin bu sahədəki rolundan bəhs etdi.
Dil mühəndisliyinin mətn və nitqin kompüter emalı ilə bağlı sahə olduğunu bildirən məruzəçi müxtəlif alimlərin verdiyi tərifləri diqqətə çatdırdı: “Alim yeni biliyin yaradılmasında, mühəndis isə həm də arzu olunan məqsədə nail olmaq üçün sistemin yaradılmasında maraqlıdır. Mühəndislik elmi bilikləri tətbiq etməklə praktiki məsələləri həll etmək üçün təsirli həll yollarının yaradılması ilə əlaqəli fəaliyyət sahəsidir”.
R.Alıquliyev dil mühəndisliyinin təbii dili tanımaq, başa düşmək, interpretasiya və generasiya etmək üçün dil biliklərini tətbiq etməklə kompüter sistemlərinin yaradılmasından bəhs etdiyini bildirdi. O, həmçinin dil mühəndisliyinin natiqin identifikasiyası və verifikasiyası, nitqin tanınması, simvol və mətnlərin tanınması, təbii dilin başa düşülməsi, təbii dilin və nitqin generasiyası kimi tədqiqat istiqamətlərindən, arxitekturu, əsas prosesləri və metodlarından danışdı.
Alim Azərbaycan dili mühəndisliyinin problemlərindən də söz açdı. İnformasiya Texnologiyaları İnstitutunda müvafiq sahənin bir neçə istiqaməti üzrə elmi tədqiqatların aparıldığını və dissertasiyaların müdafiə olunduğunu nəzərə çatdırdı, aparılan elmi araşdırmaların dərinləşdirilməsinin zəruriliyini vurğuladı. Mövcud problemlərin həlli üçün sözlərin morfoloji və leksik analizi alqoritmləri, sözlərin semantik şəbəkəsi, mətnlər bazası, nitq bazası, tərcümə proqramları, milli axtarış və antiplagiat sistemlərinin işlənilməsinin vacibliyini qeyd etdi.