AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Şakir Mehdiyev rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün fəaliyyət planını təqdim edərək nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. O, cari ildə korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin metod və alqoritmlərinin işlənməsi istiqamətində araşdırmaların davam etdiriləcəyini, texniki sistemlərdə diaqnostik üsullar və texniki xidmət texnologiyaları ilə bağlı tədqiqatların aparılacağını qeyd edib.
Şöbənin elmi-innovasiya fəaliyyətindən söz açan məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndis və proqram xidmətlərinin yerinə yetirilməsi, institut və təşkilatların internet infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi işləri çərçivəsində nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
Ş.Mehdiyev, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, əməkdaşların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində görüləcək işləri diqqətə çatdırıb.
Sonda plan ətrafında geniş fikir mübadiləsi aparılıb. AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin elmi fəaliyyətinin gücləndirilməsi və korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan tədqiqatların dərinləşdirilməsinin zəruriliyini qeyd edib.