Yanvarın 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarına hazırlıq məqsədilə institutda müşavirə keçirildi.
Təşkilat komitəsinin üzvlərinin iştirak etdiyi müşavirədə seminarın təşkili və hazırlıq işlərinin vəziyyəti haqqında ətraflı məlumat verildi. Tapşırıqların icrası, tədbirdə çıxış edəcək məruzəçilərin təqdimatlarının hazırlanması və digər təşkilati məsələlər müzakirə olundu.
Qeyd edək ki, “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda seminarın keçirilməsində məqsəd ölkənin elm və təhsil qurumlarının AzScienceNet elm kompüter şəbəkəsinin mövcud infrastrukturu, göstərdiyi xidmətlər, yüksək hesablama və yaddaş imkanları, elektron elmin inkişafında rolu, rouminq və bulud xidmətləri, şəbəkənin monitorinqi və təhlükəsizliyi, beynəlxalq elmi mühitə inteqrasiyası, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə bağlı məlumatlandırılmasıdır.