Yanvarın 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarına hazırlıq işləri davam edir. Bu məqsədlə institutda təşkilat komitəsinin növbəti iclası keçirildi.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş müvafiq konsepsiya və strategiyalardan irəli gələn vəzifələrin icrasında mühüm rol oynadığını söylədi.
Alim qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd ölkənin elm və təhsil qurumlarının AzScienceNet EKŞ-nin mövcud infrastrukturu, göstərdiyi xidmətlər, yüksək hesablama və yaddaş imkanları, elektron elmin inkişafında rolu, rouminq və bulud xidmətləri, şəbəkənin monitorinqi və təhlükəsizliyi, beynəlxalq elmi mühitə inteqrasiyası, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə bağlı məlumatlandırılmasıdır.
Sonra çıxış edən institutun şöbə müdiri Təhmasib Fətəliyev seminara hazırlıq üzrə fəaliyyət planını təqdim etdi. Tədbirin təşkili və hazırlıq işlərinin vəziyyəti haqqında ətraflı məlumat verdi.
Fəaliyyət planında nəzərdə tutulmuş təşkilati, texniki və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı, müvafiq tədbirlərin həyata keçirilməsi qərara alındı.