Azərbaycanın təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi metodları araşdırılır 2016-11-22 12:13:56 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Öncə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək seminarın Azərbaycanın Təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi metodlarının işlənməsi, o cümlədən dünyanın mötəbər elmi jurnalları və elmi konfranslarında e-dövlətin problemləri və perspektivləri mövzusuna həsr olunduğunu diqqətə çatdırdı.

 

Sonra şöbənin dissertantı Əli Həsənov “Azərbaycan Respublikasının Təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi metodlarının işlənməsi” mövzusunda məruzəsini təqdim etdi. O, təhsil və İKT ilə əlaqəli beynəlxalq qiymətləndirmə mexanizmləri, həyata keçirilən beynəlxalq layihələr, Azərbaycan Respublikasının dövlət proqramları və islahatları barədə ətraflı məlumat verdi.

 

Məruzəçi Beynəlxalq Telekommunikasiya İttifaqının 2009-cu ildən etibarən İnformasiya Cəmiyyətinin ölçülməsinə dair İKT-nin İnkişaf İndeksi adlı illik hesabatlar nəşr etdiyini bildirdi. Qeyd etdi ki, bu hesabatların əsas məqsədi ölkələrin İKT səviyyəsi və rəqəmsal bölgünü, o cümlədən mövcud imkan və bacarıqları nəzərə alaraq İKT-nin inkişaf potensialını ölçməkdir.

 

“Dünyanın mötəbər elmi konfranslarında e-dövlətin problemləri və perspektivləri ilə bağlı qoyulan məsələlərin həllində yanaşmalar haqqında” mövzusunda məruzə ilə çıxış edən şöbə əməkdaşı Fidan Sadıqova e-dövlətin problemləri və perspektivlərinə dair təşkil olunan tədbirlər və burada müzakirə olunan məsələlər barədə məlumat verdi.   

 

Digər əməkdaş Aynurə Sadıqova isə Dünyanın mötəbər elmi jurnallarında e-dövlətin problemləri və perspektivləri ilə bağlı elmi araşdırmaların vəziyyəti haqqında” çıxış etdi. O, dünyada e-dövlətin problemləri və perspektivlərinə dair nəşr edilən tanınmış jurnalların əsas mövzuları və müəlliflər barədə məlumatları diqqətə çatdırdı.

 

Sonra akademik R.Əliquliyev hər 3 əməkdaşın məruzəsinin qənaətbəxş olduğunu bildirirərək, bir sıra tövsiyyələr verdi, gənc tədqiqatçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Seminarda, həmçinin 17 saylı şöbənin əməkdaşları, doktorant və dissertantlarının 2016-cı il üçün  elmi fəaliyyətləri və həyata keçirdikləri işlərlə bağlı müzakirələr aparıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024