Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti seminarı keçirildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov çıxış edərək seminarın “yaşıl” informasiya texnologiyaları mövzusuna həsr olunduğunu bildirdi. Şöbənin əməkdaşı Orxan Mehdiyev məruzəsini təqdim edərək qeyd etdi ki, yaşıl informasiya texnologiyaları (İT) – Green IT (Green computing) informasiya-komunikasiya texnologiyalarının istifadəsi ilə əlaqədar əmələ gələn fəsadlar və ətraf mühitə vurulan zərərli təsirlərin azaldılmasına yönəldilən təşəbbüsdür.
Məruzəçi "yaşıl" İT-də irəliləyiş əldə etmək üçün qarşıda duran vəzifələrdən söz açdı. Qeyd etdi ki, kompüterlərdə və periferiya qurğularında enerji istehlakının minimuma endirilməsi, kompüter, server, printer və digər rəqəmsal qurğular üçün yeni, enerjiyə qənaət edən texnologiyaların işlənib hazırlanması və s. bu sahədə görüləcək zəruri tədbirlərdəndir. Məruzəçinin sözlərinə görə, bu texnologiyalar “istehlakı ixtisar et”, “təkrar istifadə et” və “təkrar emal et” postulatları üzərində qurulmalıdır.
"Yaşıl" İT mədəniyyətinin formalaşması məsələlərindən söz açan O.Mehdiyev bildirdi ki, hər il dünyada ofislərdə istifadə olunan kağızın istehsalı üçün 768 milyon ağac kəsilir. O, yaşıl İT mədəniyyətinin formalaşması üçün qənaətcil çap və axtarış proqramlarından istifadənin zəruri olduğunu diqqətə çatdırdı, "yaşıl" İT biliklərin tədrisi və təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Məruzəçi, həmçinin Avropada məhsullara vurulan nişanlar, ideal "yaşıl" kompüter konsepsiyası, yaşıl İT təşəbbüsləri və s. haqqında danışdı. Bu sahədə mövcud olan qanunlar, standartlar və sertifikatlar barədə ətraflı məlumatları diqqətə çatdırdı.
Məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.