Akademik Rasim Əliquliyev “Şərq Tərəfdaşlığı üçün Elektron İnfrastruktur Konfransı”nda məruzə ilə çıxış edib 2016-11-01 10:07:43 / KONFRANSLAR

Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin dəstəyi ilə Azərbaycanda elektron elmin inkişafı üçün elmi və texnoloji istiqamətdə ardıcıl tədbirlər görülür. Bu çərçivədə, AMEA İnformasiya Texnologiyaları İnstitutu bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə Avropanın elektron elm sahəsində aparıcı qurumları ilə intensiv iş aparır. Azərbaycan Respublikasının apardığı xarici siyasətə, o cümlədən Şərq Tərəfdaşlığı Təşəbbüsünə müvafiq olaraq, informasiya texnologiyaları sahəsində Avropa Komissiyası ilə, həmçinin Şərq Tərəfdaşlığına qoşulan ölkələrin (Belarusiya, Ukrayna, Moldova, Gürcüstan) elmi qurumları ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Bunun ən bariz nümunəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Pan Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası (GEANT Assosiasiyası) ilə birlikdə reallaşdırılan “EaPConnect” layihəsidir. Bu layihə çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən regional elm kompüter şəbəkəsi yaradılmış və həmin ölkələr Avropanın bütün elmi qurumları ilə birbaşa, genişzolaqlı internet əlaqəsi qurmaq imkanı əldə etmişdir.

 

“EaPConnect” layihəsi çərçivəsində elektron elm sahəsində ən yeni texnologiyaların və dünya təcrübəsinin Şərq Tərəfdaşlığı ölkələrinə təqdim olunması, bu ölkələrin beynəlxalq elmi mühitə inteqrasiyasına dəstək verilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bununla bağlı, il ərzində müntəzəm olaraq iclaslar və treninqlər keçirilmişdir. Həmçinin layihə çərçivəsində elektron elm sahəsində Şərq Tərəfdaşlığı regionu və Avropa Birliyinə üzv ölkələr arasında əməkdaşlıq platforması kimi “Şərq Tərəfdaşlığı üçün Elektron İnfrastruktur Konfransı” (EaPEC: Eastern Partnership E-İnfrastructure Conference) təsis edilmişdir.

 

6-7 oktyabr 2016-cı il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində keçirilən EaPEC konfransına təqdim olunan məruzələrdə Avropanın irimiqyaslı elmi layihələri və elektron elmin həmin layihələrin reallaşdırılmasında əvəzsiz rolu, eyni zamanda bu təcrübənin Şərq Tərəfdaşlığı ölkələrində perspektivləri geniş müzakirə olundu.

 

Konfransda Avropa Komissiyasınin Qonşuluq və Genişlənmə Danışıqları üzrə direktorluğunun (DG NEAR: Directorate-General for Neighbourhood and Enlargement Negotiations) rəhbəri Laurens Meredit, Gürcüstanın Elm və Təhsil Naziri Aleksandr Jejelava, Gürcüstanın Milli Elm Fondunun rəhbəri prof. Marin Çitaşvili, GEANT Assosiasiyasının və "EaPConnect" layihəsinin məsul şəxsləri, Milli Elm və Təhsil Şəbəkələrinin (NREN) rəhbərləri,  dövlət adamları, alimlər və mütəxəssislər çıxış etdilər.

 

Tədbirdə Avropanın Nüvə Tədqiqatları Mərkəzi (CERN), İnsan Beyninin Tədqiqi Layihəsi (Human Brain Project) və Avropa Açıq Elm Təşəbbüsünü (European Open Science Initiative) təmsil edən alimlərin elektron elmin astronomiya, ətraf mühit, süni intellekt, elektron tibb və digər tədqiqatlarda rolu, virtual elmi mühitlər və superkompüterlər kimi mövzularda çıxışları dinlənildi və məruzələr ətrafında geniş müzakirələr aparıldı.

 

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev konfransda “Azərbaycanda elektron elm: mövcud vəziyyət, fürsətlər və perspektivlər” mövzusunda plenar məruzə ilə çıxış etdi. Məruzədə ölkəmizdə elmin inkişafı ilə bağlı dövlət siyasəti, elmi fəaliyyətin təşkili və əlaqələndirilməsi, AMEA-nın rolu və əhəmiyyəti, Azərbaycanda elektron elmin konsepsiyası, arxitekturası, əsas funksiyaları, informasiya resursları, elektron kitabxana xidmətləri, milli terminoloji baza, dissertasiya işlərinin və tədqiqat mövzularının informasiya sistemi, elektron elmin elektron təhsillə inteqrasiya imkanları, elektron elmin şəbəkə infrastrukturu olan AzScienceNet və onun xidmətləri haqqında geniş məlumat verildi. AzScienceNet şəbəkəsinin elm və təhsil mühiti üçün təqdim etdiyi xüsusi xidmətlər, data mərkəzin imkanları, o cümlədən bulud xidmətləri, distant tədris, verilənlərin emalı məsələləri və informasiya təhlükəsizliyi ilə bağlı xidmətlər tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

 

Tədbirdə AzScienceNet-in qısa zamanda 1Giqabit/saniyə sürətlə beynəlxalq şəbəkəyə qoşulması xüsusi qeyd olundu və növbəti mərhələdə 10 Giqabit/saniyə sürətlə qoşulması təklif edildi. "EaPConnect" layihəsinin 2020-ci ildə başa çatacağı nəzərə alınaraq, yaradılan regional elm kompüter şəbəkəsinin layihə başa çatdıqdan sonrakı dövrdə yaranacaq maliyyə probleminin həlli prioritet məsələ kimi nəzərə çatdırıldı. Bununla bağlı, layihənin dayanıqlığı üçün hər bir iştirakçı ölkəyə öz resurslarını qiymətləndirmək və müvafiq planlar hazırlamaq təklif olundu.     

 

Konfrans çərçivəsində "EaPConnect" layihəsinin iclasları, həmçinin bir sıra ikitərəfli görüşlər keçirildi, əməkdaşlıq imkanları müzakirə olundu. Görüşlərdə Mərkəzi Asiya ölkələrinin regional şəbəkəsinin (CAREN: Central Asian Research and Education Network) rəhbərliyi Azərbaycanla elektron elm sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu bildirdi. İlkin olaraq, iki ölkənin alimləri arasında videokonfrans keçirilməsi təklif olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024