Terminologiya və terminoqrafiyanın nəzəri əsasları araşdırılıb 2016-10-31 14:48:39 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin “Terminologiya və terminoqrafiyanın nəzəri əsasları haqqında” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.

 

Məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko terminlərin spesifik xüsusiyyətləri, onları ümumişlək sözlərdən fərqləndirən cəhətlər barədə məlumat verib. Bildirib ki, elmi üslubda daha çox istifadə olunan terminlər elm və texnikanın müxtəlif sahələrində formalaşmış spesifik anlayışları ifadə edir.

 

O, terminşünaslığın tədqiqat istiqamətləri barədə danışaraq buraya nəzəri, ümumi, sahələr üzrə, tipoloji, müqayisəli, semasioloji, onomasioloji, funksional, tarixi, koqnitiv və  tətbiqi terminşünaslığın daxil edildiyini diqqətə çatdırıb.

 

Məruzəçi qeyd edib ki, terminoqrafiyada terminoloji verilənlərin seçimi, leksik vahidlərin ixtisaslaşdırılmış lüğətlər, sənədləşdirilmiş tezaurus və vokabulyarlarda yerləşdirilməsi və digər üsullardan istifadə olunur.

 

S.Fomenko terminoqrafiya sahəsində rast gəlinən problemlərdən də söz açıb. Bu sahədə lüğət məqalələrinin sayının müəyyən edilməsi, leksikanın seçimi, terminlərin mənasının müəyyənləşdirilməsi və digər problemlərin mövcud olduğunu bildirib.

 

“Terminlərin xüsusiləşmiş kompüter vasitələri, servis və sistemləri ilə avtomatik emalı kompüter terminşünaslığı fənninin yaranmasına səbəb olmuşdur”, – deyə bildirən S.Fomenko elektron mətnlərdən terminologiyanın çıxarılma alqoritmləri, terminlərin formal analizi və onların statik paylanması əsasında mətnlərin xarakteristikası, termin və terminoloji sistemlərin unifikasiyası kimi məsələlərin həllinin vacibliyini vurğulayıb.

 

O, elektron və ənənəvi lüğətlərin fərqi, elektron lüğətlərdən istifadənin üstünlükləri və bu lüğətlərin növləri haqqında da məlumat verib. Qeyd edib ki, elektron lüğətlər lüğət məqalələrinin məzmununu adi lüğətlərdə istifadə olunmayan qrafik və multimediya vasitələri ilə ifadə etməyə imkan verir.

 

Dünyada müxtəlif terminoloji standartların mövcud olduğunu söyləyən məruzəçi termin sistemlərinin təşkilində 20 mindən çox standartdan istifadə olunduğunu diqqətə çatdırıb.

 

S.Fomenko həmçinin qeyd edib ki, müasir kompüter texnologiyaları müxtəlif bilik sahələrində mövcud olan termin massivlərinin emal edilməsinə və yadda saxlanmasına imkan verir ki, bu termin massivləri terminoloji verilənlər bazalarını əmələ gətirir.

 

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024