Ölkədə proqram mühəndisliyi üzrə mütəxəssislərin hazırlanması müasir dövrün əsas tələblərindəndir 2016-10-25 10:39:13 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin 2, 5 və 8 saylı şöbələr, o cümlədən Tədris-İnnovasiya Mərkəzi ilə birgə elmi seminarı keçirilib.

 

Tədbiri giriş nitqi ilə açan şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov seminarın “Proqram mühəndisliyinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr olunduğunu bildirib, bu sahədə aparılan araşdırmalar barədə məlumat verib.

 

Məruzəni təqdim edən institutun böyük elm işçisi Tamilla Bayramova bildirib ki, proqram mühəndisliyinin əsas məqsədi proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Onun sözlərinə görə, burada proqram təminatının texniki məsələləri ilə yanaşı, proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. işlər həyata keçirilir.

 

“Proqram mühəndisliyi proqram təminatının layihələndirilməsi, işlənilməsi, istismarı, müşayiət edilməsi, istismardan çıxarılması proseslərinə sistemləşdirilmiş yanaşmadır, bu proseslər və yaradılan proqram təminatı müəyyən olunmuş texniki, iqtisadi, sosial və hüquqi tələblərə cavab verməlidir”, – deyə bildirərək “ISO 9126” standartında proqram təminatının keyfiyyət modelini təqdim edib.  

 

Keyfiyyətli proqram təminatının işlənilməsi üçün peşəkar proqramçılara olan tələbatın artdığını söyləyən T.Bayramova Avropa komissiyası tərəfindən İT mütəxəssislərin hazırlanması üçün çoxsaylı proqramların həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, 2018-ci ildə Avropada İT sektorunda vakant vəzifələrin sayının 825 min təşkil etməsi proqnozlaşdırılır.

 

Bu sahədə Rusiya təcrübəsindən danışan T.Bayramova burada son iki il ərzində İT ixtisaslara dövlət sifarişinin təxminən 70 faiz artdığını bildirib. Qeyd edib ki, Rusiyanın Müdafiə Nazirliyi tərəfindən ölkədə proqramçı kadrlar hazırlayan ali məktəblərdən tələbələr seçilərək ölkənin müdafiəsini təmin edəcək milli aparat-proqram kompleksinin işlənilməsinə başlanılıb.

 

Hazırda dünyada ən müasir tələblərə cavab verən yeni proqramlaşdırma dillərindən istifadə olunduğunu vurğulayan məruzəçi proqramlaşdırma dillərinin reytinqini təyin etmək üçün TIOBE (The Importance Of Being Earnest) indeksinin tətbiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, reytinqlər aparıcı axtarış sistemlərində proqramlaşdırma dilinə olan sorğuların sayı əsasında hesablanır.

 

Ölkəmizdə tam informasiya suverenliyinin əldə olunması üçün kompleks proqramların hazırlanmasının vacib məsələlərdən olduğunu qeyd edən məruzəçi bu sahədə qəbul olunmuş dövlət proqramlarının zəruriliyini önə çəkib.

 

O, həmçinin Azərbaycanda proqram mühəndisliyi ilə məşğul olan şirkətlər barədə məlumat verib, bu sahədə rast gəlinən problemlərdən danışıb. Qeyd edib ki, proqram mühəndisliyi ilə bağlı tədrisin yüksək səviyyədə təşkili məqsədilə tələbələrə bu sahədə biliklər aşılamaq üçün real proqram layihələri ilə işləyən təşkilatlarla sıx əlaqələrin yaradılması, tədrisə böyük iş təcrübəsinə malik mütəxəssislərin cəlb olunması, tədris planının təkmilləşdirilməsi və tədris proqramına bu gün üçün aktual olan yeni fənlərin əlavə edilməsi zəruridir.

 

Məruzə ətrafında gedən müzakirələrdə institutun şöbə müdirləri – iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və Səyyar Abdullayev, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, institutun əməkdaşı Kəmalə Qurbanova və digərləri iştirak ediblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024