“İnformatika terminlərinin izahlı lüğəti” adlı kitab təqdim olundu 2016-10-18 15:18:29 / KONFRANSLAR

AR Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında “İnformatika terminlərinin izahlı lüğəti” adlı kitabını təqdim edib.  

 

Məruzəçi bildirib ki, lüğət hesablama texnikasının müxtəlif sahələrinə: proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, İnternet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara aid terminləri əhatə edir. Burada əsas diqqət proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompüterə dair kitab və xüsusi jurnallarda adi kompüter istifadəçisinin rast gəldiyi terminlərə yönəldilib. İstifadəçilərin əksəriyyəti fərdi kompüterlərdə işlədiyindən, lüğətdəki məqalələrin böyük hissəsi də bu sistemlərin təsviri və onlarla iş zamanı istifadə olunan terminologiya ilə bağlıdır. Lüğətə kompüter sənayesi, proqramlaşdırma kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib.

 

Lüğətdə 5 minədək məqalə-terminin yer aldığını diqqətə çatdıran İ.Sadıqov ədədlər və xüsusi simvollarla başlayan terminlərin kitabın başlanğıcında onların ASCII koduna uyğun sıralandığını qeyd etdi. Bildirdi ki, lüğətdəki məqalələri iki qrupa ayırmaq olar: termini tam təsvir edən əsas məqalələr və onların sinonimləri olan istinad məqalələri.

 

Məqalələr ingilis dilindəki terminlərə görə sıralandığından, Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda "azərbaycanca-ingiliscə", "türkcə-ingiliscə" və "rusca-ingiliscə" terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini öncə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lügətdə axtarmaq lazımdır.

 

Qeyd edək ki, nəşrin elmi redaktoru AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024