İyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusunda panel sessiyası keçirilib.
AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev sessiyada məruzə ilə çıxış edərək 2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin tamam olduğunu xatırladıb. Bu müddətdə Azərbaycanın bir çox tarixi nailiyyətlər əldə etdiyini və dünyanın ən yüksək texnologiyalarına əsaslanan, öz kosmik peyki olan bir ölkəyə çevrildiyini qeyd edib.
“Azərbaycanın müstəqil dövlət statusuna sahib çıxması və hazırda dünyada baş verən proseslərin müxtəlifliyi, xüsusən ölkəmizə qarşı yönəlmiş informasiya müharibəsi diaspor fəaliyyətinin daha da genişlənməsini zəruri edir. Yalnız bu halda Azərbaycan həqiqətlərinin, eyni zamanda mədəniyyətimizin, tariximizin və digər sahələrdəki uğurlarımızın dünya ictimaiyyətinə çatdırılmasına daha tez nail ola bilərik”, – deyə bildirən R.Əliquliyev diasporla bağlı vahid dövlət strategiyası çərçivəsində xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanmasının önəmini vurğulayıb.
Akademik bildirib ki, müasir informasiya cəmiyyəti quruculuğu şəraitində virtual məkanda hər bir xalqın və dövlətin gücü onun malik olduğu elektron informasiya vasitələrinin xüsusi çəkisilə ölçülür: “Təsadüfi deyil ki, hazırda dünyanın bir çox inkişaf etmiş ölkələri virtual siyasi baxışlarını və iqtisadi maraqlarını təbliğ etmək üçün sistemli və ardıcıl iş aparırlar. İstənilən dövlətin iqtisadi inkişafı, beynəlxalq aləmdə uğurları eyni zamanda ona qarşı yönəlmiş informasiya müharibəsinin qarşısının alınmasından asılıdır”.
Alimin sözlərinə görə, dövlət başçısı İlham Əliyev tərəfindən 2007-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nda qeyd olunur ki, ölkəmizin milli maraqları təkcə real dünyada deyil, eləcə də virtual aləmdə təmin olunmalıdır. Bu baxımdan virtual dünyanın bir seqmenti kimi, Virtual Azərbaycanın formalaşması və genişlənməsində hər bir azərbaycanlının, xüsusilə də alim və mütəxəssislərin, KİV nümayəndələrinin iştirakı olduqca vacibdir.
“Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da informasiya təhlükəsizliyinin təmin edilməsi, ölkəyə daxil olan internet trafikində qlobal kiberhücumların qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, dövlət orqanlarının informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlıq səviyyəsinin yüksəldilməsi və maarifləndirmənin genişləndirilməsi əsas prioritetlərdən biri kimi öz əksini tapmışdır.
R.Əliquliyev informasiya müharibəsində geri qalmamaq üçün virtual məkanda fəallaşmağın və Vikipediya ensiklopediya portalında daha aktiv olmağın vacibliyini vurğulayıb. Bildirib ki, artıq Azərbaycan haqqında müxtəlif məzmunlu obyektiv məlumatların Vikipediyada yerləşdirilməsi tariximiz, dilimiz və adət-ənənəmizin qorunması, milli-mənəvi dəyərlərimizin təhrif olunmasının və başqaları tərəfindən saxtalaşdırılmasının qarşısının alınması, virtual təcavüzlər, yalan və böhtanlarla fəal və ardıcıl mübarizə aparılması üçün real zəmin yaradıb: “Ölkə rəhbərliyi tərəfindən virtual məkanda milli maraqlarımızın təmin olunması məsələsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının bütün elmi-tədqiqat institutlarında viki-qruplar fəaliyyət göstərir. Lakin bununla belə, 3-5 milyonluq bədnam qonşumuzun Vikipediyada 200 min məqaləsi olduğu halda, 50 milyonluq azərbaycanlının 100 min məqaləsi var. İnformasiya müharibəsində təkcə Azərbaycanın resursları yetərli deyil. Bu mübarizədə bütün dünya azərbaycanlıları birləşməlidir. Bədniyyətli qüvvələrə layiqli cavab vermək üçün ölkəmiz böyük potensiala malikdir”.
Akademik informasiya müharibəsində mühüm rol oynayan sosial şəbəkələrin informasiya mübadiləsi üçün geniş imkanlar yaratmaqla yanaşı, həm də istənilən ölkənin tarixinə, dil və mədəniyyətinə təhlükə yaratmaq gücünə malik olduğunu bildirib. İnternetdə hüquqi tənzimləmənin mövcud olmamasının bədniyyətli fəaliyyətlər üçün münbit şərait yaratdığını qeyd edib.
Alim həmçinin vahid Azərbaycan informasiya fəzasının formalaşması problemlərindən biri olan transliterasiyanın digər ölkələrdə yaşayan azərbaycanlılar, xüsusən də uşaqlar və gənclər üçün bir sıra çətinliklər yaratdığını söyləyib. Virtual məkanda transliterasiya problemlərinin həll olunmasının vacibliyini vurğulayaraq bu sahədə mövcud xarici təcrübədən faydalanmağın və transliterasiya standartlarının işlənilməsinin milli identikliyin qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.