AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti seminarı keçirildi.
“Mobil şəbəkə texnologiyaları” mövzusunda məruzəni təqdim edən şöbənin əməkdaşı Məlik Vəliyev 1G, 2G, 3G, 4G və 5G texnologiyaları haqqında ətraflı məlumat verdi. Mobil şəbəkə texnologiyalarının inkişaf mərhələlərindən danışan məruzəçi 1G texnologiyasının 1980-ci illərin əvvəllərindən istifadə olunduğunu bildirdi. Bu texnologiyada analoq modullu radiotezliklərdən, sonralar tətbiq olunan 2G texnologiyasında isə rəqəmsal modullu radiotezliklərdən istifadə edildiyini diqqətə çatdırdı.
M.Vəliyev 2000-ci illərdən 3G texnologiyasının, 2010-cu ildən isə 4G texnologiyasının geniş tətbiq olunduğunu bildirərək son illər 5G texnologiyasına keçidlə əlaqədar mühüm tədbirlərin həyata keçirildiyini vurğuladı. Bildirdi ki, digər mobil şəbəkə texnologiyalarından bir sıra xüsusiyyətlərinə görə fərqlənən 5G şəbəkəsindən istifadənin ilkin mərhələsində 1 Gbit/s sürət əldə olunub.
5G texnologiyasının yüksək sürət və məhsuldarlıq, böyük həcmli multimedia fayllarının qısa müddətdə əlçatanlığı və s. kimi üstünlüklərindən danışan məruzəçi qeyd etdi ki, bu texnologiya şəbəkə nasazlıqlarının minumuma endirilməsi, 65 min əlaqə kanalı ilə teleradio yayımına imkan verməsi baxımından böyük əhəmiyyətə malikdir. Bildirdi ki, bu texnologiyanın digər texnologiyalardan əsas fərqi məlumatların yüklənmə sürətinin yüksək olması, gələcəkdə “ağıllı” evlərdən, ultra HD və 3D videolardan geniş istifadəyə imkan verməsidir.
5G texnologiyasının 2018-ci ildə kütləvi istifadəyə veriləcəyini söyləyən M.Vəliyev Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunları zamanı istifadəçilərə 10 Gbit/s sürətin təklif olunacağını nəzərə çatdırdı. Qeyd etdi ki, qabaqcıl texnologiya şirkətlərinin araşdırmalarına əsasən, 2020-ci ildə 5G texnologiyasının sürətinin 20 Gbit/s-ə çatdırılması planlaşdırılır.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.