AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti seminarı keçirildi.
“Sosial medianın aspektlərinin analizi” mövzusunda təqdimatla çıxış edən institutun dissertantı Leyla Məmmədova sosial medianın insanların fikirlərini məkan və zaman məhdudlaşdırması olmadan ifadə etməsini təmin edən, İnternetin təqdim etdiyi multimedia xüsusiyyətlərini sərhədsiz olaraq istifadə imkanı verən interaktiv mühit, geniş əsaslı platforma olduğunu bildirdi. İlk sosial media nümunələrinin 1990-illərdə meydana çıxdığını diqqətə çatdıran məruzəçi “veb 2.0” texnologiyasıının yaradılması ilə sosial medianın sürətlə inkişaf etdiyini söylədi. O, İnternetdə ilk sosial şəbəkənin olan 1995-ci ildə Rendi Konrad tərəfindən yaradıldığını qeyd etdi.
Sosial medianın formaları barədə danışan məruzəçi onun sosial şəbəkələr, forumlar, bloqlar, internet-icmalar, müəllif layihələri və s. növlərinin xüsusiyyətlərini şərh etdi.
Sosial şəbəkələrin sosial medianın ən geniş yayılmış növü olduğunu önə çəkən L.Məmmədova bildirdi ki, bu gün dünyada insanların üçdə iki hissəsi müntəzəm olaraq sosial şəbəkələrə daxil olur, onların imkanlarından bəhrələnir. Onun sözlərinə görə, sosial şəbəkələrin, multimedia özəlliyi məhdud imkanlı istifadəçilər üçün də əlverişli informasiya və kommunikasiya vasitəsidir.
Hipermətn, interaktivlik, arxivləşdirmə, coğrafi məhdudiyyətin olmaması, multimedia kimi xüsusiyyətlərə malik sosial medianın mətbuat, radio və televiziyanın təqdim etdiyi informasiyanı qəbul edən homogen cəmiyyətdən fərqli olaraq, məlumatları çeşidləyən, məzmun yaradan, paylaşan, fərqli maraq sahələrinə və qruplara daxil edən heterogen insan birlikləri formalaşdırdığını vurğuladı.
Sosial mediadan, həmçinin təhsil və təlim məqsədilə istifadə olunduğunu söyləyən L.Məmmədova virtual elektron kitabxanalar, virtual ensiklopediyaların tədris üçün yaratdığı geniş imkanları nəzərə çatdırdı. Onun sözlərinə görə, dünyanın qabaqcıl ölkələrində artıq sosial şəbəkələrdən istifadə qaydaları, təhqirin yolverilməzliyi, şəxsiyyət hüquqlarının qorunmasının tədrisi həyata keçirilir.
Məruzəçi sosial medianın ictimai funksiyalarından danışaraq qeyd etdi ki, sosial medianın insanların asanlıqla təşkilatlanmasını təmin edir, faktların, hadisələrin ictimaiyyətə təqdim olunmasında əhəmiyyətli rol oynayır. Bununla yanaşı, sosial şəbəkələrdən bədniyyətli fəaliyyət üçün istifadə olunur: “Sosial şəbəkələr həm də insanları nəzarət altında saxlamaq alətidir. Şəxsi yazışmalar, istifadəçilərin şəxsi həyatına dair məlumatlar, foto və videomateriallar isə cinayətlərin açılmasına və qarşısının alınmasına təsir edə və məhkəmə dəlili ola bilər”.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdimatın elmi tutumunu artırmaq üçün mövzu ilə bağlı tədqiqatlar aparan elmi mərkəzlərin, alimlərin, müvafiq tədqiqatlara həsr olunan elmi jurnalların araşdırılmasını tövsiyə etdi. Tədqiqatın nəticəsi olaraq konseptual yanaşma, baxış ortaya qoymağın zəruriliyini qeyd edən alim tədqiqat işində arxitektur, çoxsəviyyəli yanaşmanın da vacibliyini bildirdi.
Sonra institutun dissertantı Vüsalə Qurbanova “Elektron dərsliklərin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin yerinə yetirilməsi məqsədilə İnformasiya Texnologiyaları İnstitutu ilə Dublin Texnologiya İnstitutu (İrlandiya) arasında əməkdaşlıq perspektivlərinə dair təqdimatla çıxış etdi. Məruzəçi Dublin Texnologiya İnstitutunun təklif etdiyi təqaüd proqramları, müraciət və layihələrin təqdim olunması qaydaları və s. haqqında ətraflı məlumat verdi.
Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.