Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu ilə əməkdaşlıq perspektivləri müzakirə olundu 2016-04-27 13:55:33 / KONFRANSLAR

 

Aprelin 26-da Qazaxıstan Respublikasının İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun böyük elmi işçisi, professor Ravil MuhamedyevAMEA İnformasiya Texnologiyaları İnstitutunda oldu. Məqsəd institutun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olmuşdur.

 

Professor Ravil Muhamedyev Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətləri, bərpa olunan enerji tədqiqatlarında İKT, uran yataqlarında aparılan geofiziki tədqiqatlarda maşın təlimindən istifadə, molekulyar biologiyada üçölçülü vizuallaşdırma metodları və informasiya-kommunikasiya texnologiyalarının semantik şəbəkələri haqqında ətraflı məlumat verdi.

 

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov çıxış edərək elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsi üçün beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin prioritet məsələlərdən olduğunu qeyd etdi. İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlardan, əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən danışdı.

 

Sonra geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

 

Daha sonra qonaq institutun maddi-texniki bazası və burada yaradılmış innovativ şərait, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış oldu.

 

R.Muhamedyev AzScienceNet elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində (Data Center) oldu. Bildirildi ki, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası və tanınmış beynəlxalq elmi bazalardan geniş istifadəsinə imkan yaradır. Həmçinin qeyd olundu ki, AzScienceNet şəbəkəsinin 2016-cı ildən Avropanın elm və təhsil üçün kompüter şəbəkəsinə (GEANT) yüksək sürətlə çıxış imkanı əldə etməsi planlaşdırılır.

 

Qonağa Tədris-İnnovasiya Mərkəzinin (TİM) fəaliyyəti haqqında məlumat verildi. 2003-cü ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyi qeyd edildi. Dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris edildiyi bildirildi.

 

TİM-də 2011-ci ildən distant tədris xidmətlərinin göstərildiyi, Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların informatika fənni üzrə təşkil edilmiş kursları məsafədən dinlədikləri və gələcəkdə digər bölgələrdə də distant tədris mərkəzlərinin yaradılmasının planlaşdırıldığı vurğulandı.

 

Qonaq, həmçinin Elektron Kitabxana Mərkəzi və burada oxucular üçün yaradılmış şəraitlə tanış oldu. Mərkəzin beynəlxalq standartlara cavab verdiyi, ən müasir texniki avadanlıqlarla təchiz olunduğu diqqətə çatdırıldı.

 

Sonda Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu və AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində tədbirlərin görüləcəyi qeyd olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024