“Elektron kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı keçirildi 2016-04-18 11:45:56 / KONFRANSLAR

 

Aprelin 15-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı keçirildi. AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

 

Öncə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev konfrans iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadənin adından salamladı və konfransın işinə uğurlar arzuladı. AMEA Rəyasət Heyətinin qərarı ilə keçirilən konfransın elektron kitabxanaların multidissiplinar problemlərinə həsr olunduğunu qeyd etdi. Müasir dövrün ən aktual elmi problemlərindən olan elektron kitabxanaların formalaşması məsələlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu vurğuladı.

 

R.Əliquliyev bildirdi ki, hələ 100 il bundan öncə formalaşan ənənəvi kitabxanalar informasiya cəmiyyətinin əsasını qoymuşdur. “Xalqımızın tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsinin toplanıb saxlanılması, biliklərin yayılması və gələcək nəsillərə ötürülməsində kitabxanaların rolu əvəzsizdir. İnformasiya texnologiyalarının dinamik inkişaf etdiyi bir dövrdə elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi istiqamətində qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də elektron kitabxanaların formalaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və dünya informasiya məkanına inteqrasiyasının təmin olunmasıdır”.

 

Akademik ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində görülən işlərdən, qəbul edilən dövlət proqramlarından söz açdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər) ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan dövlətin və cəmiyyətin inkişafı üçün səmərəli istifadə edilməsi məqsədi daşıyırdı.

 

Alimin sözlərinə görə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının da əsas hədəfi biliklər cəmiyyətinin formalaşdırılmasıdır. Burada informasiya cəmiyyətinin inkişafı şəraitində ölkəmizin milli-mədəni irsinin qorunub saxlanılması və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik səviyyəsinin artırılmasına diqqət yetirilməsinin, eləcə də informasiyanın texnoloji platformada yerləşdirilməsi və açıq istifadəyə verilməsi, ölkədə vahid virtual məkanın yaradılmasının vacibliyi qeyd olunub.

 

Akademik qeyd etdi ki, hazırda dövlət tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir, ölkədə elektron kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının gücləndirilməsi, müasir tələblərə cavab verən texnologiya və proqram təminatları ilə təmin olunması istiqamətində kompleks tədbirlər görülür.

 

Plenar iclasda həmçinin AR Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Lətifə Məmmədova “Elektron kitabxana mədəniyyətin fenomeni kimi”, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov “Azərbaycanda korporativ elektron kitabxana şəbəkəsinin yaradılması modeli: problemlər və perspektivlər”, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova “Elektron kitabxanaların qarşılıqlı inteqrasiyası problemləri”, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun Azərbaycan Respublikası üzrə milli koordinatoru Cəmilə Yusifova “Beynəlxalq elmi bazalarda rəqəmsal kitabxanaların axtarış imkanları və tədris prosesində informasiya təminatının təşkili” adlı məruzələrlə çıxış etdilər. Elektron kitabxanaların elmi-nəzəri və praktiki problemlərindən bəhs edərək onların həlli üçün yeni imkanların yaranması baxımından konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

 

R.Əliquliyev “Gələcək nəsil elektron kitabxanaların formalaşması perspektivləri” adlı məruzə ilə çıxış edərək kitabxanalarda veb-texnologiyalar, linqvistik texnologiyalar, bulud texnologiyaları, Big Data texnologiyaları və bibliometrik texnologiyaların tətbiqi istiqamətində fundamental tədqiqatların aparılmasının zəruriliyini vurğuladı. Ölkədə milli elektron kitabxana mühitinin yaradılmasının prioritet məsələlərdən olduğunu söyləyən alim bildirdi ki, bunun üçün e-kitabxanaların kommunallaşdırılması və inteqrasiyası əsas fəaliyyət istiqamətlərindəndir.

 

Milli antiplagiat sistemi və biometrik identifikasiya sisteminin yaradılmasının vacibliyindən söz açan R.Əliquliyev nitqinin sonunda elektron kitabxanalarda informasiya təhlükəsizliyi, transliterasiya və s. kimi bir sıra mühüm problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səslədi.

 

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi. Məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırdılar.

 

Fasilə zamanı qonaqlar institutun Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, AzScienceNet elm kompüter şəbəkəsi və onun Data Mərkəzində görülən işlər, həyata keçirilən layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar, həmçinin “İnfoTV” İnternet televiziyası və İnternet-kafenin fəaliyyəti ilə yaxından tanış oldular.

 

Fasilədən sonra konfrans 2 paralel seksiya iclasında işini davam etdirdi. Seksiya iclaslarında e-kitabxanaların formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi və kulturoloji aspektləri və s. mövzularda 47 məruzə təqdim olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024