Multimedia qalereyalı elektron kitabxanaların yaradılması günün vacib tələblərindəndir 2016-04-13 15:37:36 / KONFRANSLAR

 

XXI əsr informasiya texnologiyalarının xarakterik inkişaf istiqamətləri sırasında müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində məsafədən istifadəsi mühüm yer tutur. Bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və informasiya təminatının təşkilində əsaslı rol oynayır.

 

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Resursları sektorunun rəhbəri Kəmalə Haşımova “Multimedia Qalereyası elektron kitabxanaların tərkib hissəsi kimi” adlı məruzə ilə çıxışı zamanı bildirib.

 

Qeyd edib ki, e-kitabxanalar oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, ənənəvi kitabxanalara alternativ qurum deyil, yalnız xidmət növüdür. Geniş məna kəsb edən “E-kitabxana” anlayışına sinonim kimi müasir dünya elmi ədəbiyyatında “virtual kitabxana”, “rəqəm kitabxanası”, “şəbəkə kitabxanası”, “divarsız kitabxana”, “hibrid kitabxana” anlayışları istifadə olunur.

 

Sektor müdiri qeyd edib ki, son illər ölkədə kitabxanaların multimedia fondlarının zənginləşdirilməsi məqsədilə bir sıra mühüm işlər həyata keçirilmiş və bu sahədə qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq layihənin icrasına başlanmışdır. Layihə çərçivəsində çoxsaylı uşaq kitabxana filialı, kitab mağazası və şəhər (rayon) kitabxanalarının Multimedia Qalereyasının nəşrləri ilə zənginləşdirilməsi üçün multimedia resurslarının (CD, DVD, e-kitab, e-dərslik) satışı, habelə Azərbaycan və rus dillərində hazırlanmış multimedia tədris resurslarına abunə yazılışı təşkil edilmişdir.

 

Multimedia texnologiyalı rəqəmsal kitabxanaların multimedia məzmunu və audiovizual materialları əldə etmək imkanları vardır. Xüsusilə yeni yaradılan, emal və analiz edilən rəqəmsal multimedia informasiyaları böyük informasiya anbarlarında saxlanılır. Multimedia kontekstinə rəqəmsal mətnlərlə yanaşı, foto, video, audio informasiyalar və hətta 3D-məzmunlu interaktivlər də daxildir.

 

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024