“NETTY 2016” internet mükafatına start verildi 2016-03-17 11:09:31 / KONFRANSLAR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi Azərbaycan Milli İnternet Mükafatı olan "NETTY 2016" üçünərizələrin qəbuluna  başlanılıb.
 
Qeydiyyat ilə bağlı ərizələrin qəbulu martın 15-dən  aprelin 30-dək keçiriləcək. Mayın 1-dən 7-dək, "NETTY 2016" nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçiriləcək.

8 may tarixində Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından "Şəbəkənin seçimi" nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir.
 
Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir.
 
Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytlar seçilir:

• Dövlət saytı
• Elm və təhsil
• Mədəniyyət və incəsənət
• Cəmiyyət
• İnformasiya və xəbərlər
• Servis-sayt
• Korporativ sayt
• Elektron Kommersiya sahəsində ən yaxşı sayt
• Əyləncə
• İdman
• Şəxsi sayt
•Şəbəkənin seçimi.
 
Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə - "Mobil qurğular üçün ən yaxşı proqramlar", "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə", "İlin İT hadisəsi" mükafatları veriləcək.
 
Xatırladaq ki, "NETTY" Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarının inkişafı məqsədilə informasiya texnologiyaları sahəsi üzrə  Azərbaycanın ilk peşəkar mükafatıdır. "NETTY" mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində  mütərəqqi xadimləri  üzə çıxarır. 

 

 

www.ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023