Bu gün müasir qabaqcıl texnologiyalardan hansı biri cəmiyyətin ən mühüm problemlərini həll etmək və bəşəriyyətə yeni imkanlar yaratmağa qadirdir? "MIT Technology Review" jurnalı 10 qabaqcıl texnologiyanı nəzərdən keçirib.
İmmun hüceyrələrinin gen modifikasiyası. Bu texnologiya artıq xərçəng xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edir, amma bu, yalnız başlanğıcdır. İndi T-hüceyrə modifikasiyasına əsaslanan elə müalicə metodları hazırlanır ki, onlar müəyyən tip hüceyrələrə hücum etmək qabiliyyətinə malik olsunlar. Gələcəkdə bu texnologiya yalnız xərçəng deyil, həmçinin avtoimmun xəstəliklərinin müalicəsində uğurlu cəhdlərə imkan verəcək. 1-2 il sonra pasiyentlər üçün belə həllər əlçatan olacaq.
Bitkilərin gen redaktəsi. Bu texnologiya "CRISPR"-dən istifadə əsasında hazırlanır. Norveçdə yerləşən "Sainsbury Lab" laboratoriyasının direktoru Sofyen Kamun bildirib ki, genomun redaktəsi texnologiyası daim təkamül edən mikroorqanizmlərin öhdəsindən gəlməkdə kömək edə bilər.
Səsli interfeyslər. Məsələn, Çində təqribən 691 milyon smartfon istifadəçisi var və bu göstərici artan xətlə inkişaf edir. Kiçikölçülü sensor ekranlarda Çin heroqriflərini oxumaq çətin olduğundan sözügedən ölkənin "Baidu" axtarış sistemi nitqin tanınması üzrə qabaqcıl texnologiyalar hazırlayır. "Baidu"nun aparıcı alimi, "Coursera"nın yaradıcılarından biri və Stenford Universitetinin dosenti Endrü In belə hesab edir ki, insanlar yaxın vaxtlarda səsli interfeyslərdən istifadəyə başlayacaq. Xatırladaq ki, "Google" şirkəti bu yaxınlarda "Google Docs"da səsli redaktə funksiyasını təqdim edib.
Çoxistifadəli raketlər. Ötən il dünyada iki şirkət raketin orbitə buraxılmasından sonra onun Yer planetinə geri dönməsinə nail olub. 2015-ci ilin dekabrında "SpaceX" şirkəti "Falcon 9" raketinin birinci pilləsini Kanaveral burnuna uğurla endirib. Bu, aerokosmik tədqiqatlarda çox mühüm uğurdur, çünki əvvəllər raket-daşıyıcılar orbitə buraxıldıqdan sonra faktiki olaraq zibilə çevrilirdilər ki, nəticədə yüklərin (yaxud insanların) orbitə çatdırılması həddindən çox baha qiymətə başa gəlirdi.
Bir-birini öyrədən robotlar. İnsanların robotlara həvalə edə biləcəyi bir çox işlər (məsələn, malların qablaşdırılması) hələ ki əlçatmazdır, çünki robotlar adi obyektləri yaxşı "tanımırlar". İnsanlar belə problemlə üzləşmirlər, çünki onlar "uşaqlıq" adlı "genişmiqyaslı məlumat yığımı prosesi"ndən keçiblər. Bu haqda "Brown University"də işləyən kompüter elmləri professoru Stefani Telleks deyib.
Robotların obyektləri tanıması və idarə etməsi üçün onların böyük məlumat bazalarına girişi olmalıdır. İdeal variantda robotlar bir-birini öyrədə bilərlər. "Million Object Challenge" layihəsinin komandası məhz bu iddialı layihə ilə məşğul olur. Layihənin hədəfi robotların hərəkətini araşdırmaq və məlumatları "bulud" saxlancına yükləməkdir. Nəticədə başqa robotlar bu məlumatlardan yararlana bilər.
DNK üzrə internet mağaza. İnsanın genomu haqda informasiyanın satışı üzrə internet mağazanın yaradılması istifadəçilər üçün xəstəliklərə qarşı genetik meyilliyi öyrənməkdən ötrü ucuz üsul ola bilər. Hazırda ABŞ-ın "Helix" şirkəti belə mağazanın yaradılması ilə məşğuldur.
Hər kəs üçün günəş panelləri. Nyu-York ştatı "SolarCity" şirkəti tərəfindən Eri gölünün sahillərində yerləşən sənaye parkında tikilən fabrikə tamamilə sponsorluq edir. Bu fabrik ABŞ-da alternativ enerjinin gələcəyinə təsir göstərə bilər. Fabrik ildə 10 minədək panel və ya ildə 1 Qiqavatt günəş enerjisi generasiya etməyi planlaşdırır.
Slack. Etiraf edək ki, qabaqcıl texnologiyalar reytinqində ofis proqramını görmək olduqca gözlənilməzdir. Amma reytinqin tərtibçiləri əmindirlər ki, mobil telefon və qısa mesajlar dövründə yaradılmış məhz bu proqram iş prosesini tamamilə dəyişdirir. Boston Kollecinin professoru Cerald Keyn vurğulayıb ki, bu proqram əməkdaş üçün daima işdə olma effekti yaradır, işçi harada olmasından asılı olmayaraq hər şeydən xəbərdardır.
Tesla avtopilotu. "Tesla" şirkətinin daha bir nailiyyəti "MIT Technology Review" jurnalının reytinqinə daxil edilib. Şirkətin təsisçisi Elon Mask deyib ki, 2018-ci ildə "Tesla" avtomobillərinin funksionallığı onların avtodayanacaqdan sahibinin yanına doğru hərəkət etməsinə imkan verəcək.
Havadan alınan enerji. İnternetə qoşulmuş ən kiçikölçülü qurğular, həmçinin batareya və ya elektrik kabeli ilə təchiz edilirlər. İndi hazırlanmaqda olan texnologiya kiçikölçülü qurğuların mobil rabitədən çıxan radiosiqnallar enerjisi ilə işləməsinə imkan verəcək.