Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı. İnstitutun struktur bölmələrinin 2016-cı il üçün fəaliyyət planlarının təsdiqi barədə məlumat verərək şöbələrdə informasiya texnologiyalarının ən aktual problemlərinə həsr olunmuş elmi-tədqiqatların aparıldığını bildirdi, cari ildə görüləcək işlər, həyata keçiriləcək layihələrin əhəmiyyətindən söz açdı. Alim institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş yüksək elmi nəticələrin dünyanın nüfuzlu beynəlxalq jurnallarında əksini tapması və institutun qlobal elmi mühitə inteqrasiyası istiqamətində işlərin aparılmasının zəruriliyindən danışdı.
Şöbələrin 2016-cı il üçün fəaliyyət planları Elmi şuranın üzvləri tərəfindən təsdiq olundu.
R.Əliquliyev bildirdi ki, son illər AMEA-nın elmi müəssisə və təşkilatlarında müvafiq elm sahələri üzrə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanmasının təşkilində bir sıra islahatlar həyata keçirilir. Bu məqsədlə institutda fəaliyyət göstərən Doktorant və dissertantlarla iş şöbəsinin adı dəyişdirilərək Təhsil şöbəsi adlandırılıb.
Akademik cari ildə institutun təşkilatçılığı ilə keçiriləcək “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri”, “E-kitabxanaların formalaşması problemləri” və “E-tibbin formalaşmasının multidissiplinar problemləri” respublika elmi-praktiki konfranslarının yüksək səviyyədə təşkilinə dair təklif və tövsiyələrini səsləndirdi.
Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov çıxış edərək 2015-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunan iddiaçılar haqqında ətraflı məlumat verdi.
İnstitutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova Elektron Sənəd Dövriyyəsi Sistemi barədə məlumat verərək sistemin funksiyaları, tətbiqi imkanları və üstünlüklərindən söz açdı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin icrası üzrə görüləcək işlərdən danışdı. Dövlət orqanlarında, təşkilat və müəssisələrində Elektron Sənəd Dövriyyəsi Sisteminin tətbiqi və sistemdən istifadə qaydaları ilə bağlı həmin qurumlarda fəaliyyət göstərən şəxslərin məlumatlandırılmasının zəruriliyini vurğuladı.
Sonra səsvermə yolu ilə Elmi şuranın üzvləri tərəfindən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoruYadigar İmamverdiyevə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosent elmi adının verilməsi haqqında vəsatət qaldırılması tövsiyə olundu.