Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri araşdırılır 2016-02-18 16:51:01 / KONFRANSLAR

Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri istiqamətində Big Data analitika, eləcə də mətnlərin ümumi referatının yaradılması üçün metodların işlənilməsi üzrə elmi-tədqiqatlar davam etdiriləcək. Bu haqda institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevrəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi.

 

R.Alıquliyev qeyd etdi ki, institutun 1, 2 və 17 saylı şöbələri ilə birgə neft-qaz sənayesi üçün Big Data analizi texnologiyaları tədqiq olunur. Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə e-dövlətin tədqiqi, e-elmin formalaşması problemləri üzrə 12 saylı şöbə ilə birgə elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi istiqamətində araşdırmalar aparılır. Həmçinin karbohidrogen yataqlarının istismarı zamanı aparılan müşahidələrin nəticəsində toplanmış böyük həcmli statistik verilənlərin işlənməsi və uyğun riyazi modellərin tədqiqi planlaşdırılır.

 

Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant layihəsinin informasiya təminatı, eləcə də elektron elm və onun funksional alt sistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi üzrə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi ilə bağlı işlərin davam etdiriləcəyini diqqətə çatdırdı.

 

Məruzəçinin sözlərinə görə, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakı, impakt faktorlu jurnallarda, SCOPUS, Compendex, ACM Digital Library, IEEE Xplore, DBLP kimi nüfuzlu elmi bazalarda indeksləşən, respublika və digər ölkələrin (Rusiya, Ukrayna, Belarus) Ali Attestasiya Komissiyasının siyahısında olan jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulur.

 

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan alim 2016-cı ildə də Avstraliya və Malayziyanın müvafiq elmi qurumları ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini bildirdi.

 

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim e-dövlətin və e-elmin formalaşması problemlərinin elmi-nəzəri əsaslarının dərindən araşdırılması, dünyada bu sahələr üzrə müşahidə olunan tendensiyalar və yeni yanaşmaların tədqiqinin vacibliyini qeyd etdi.

 

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alındı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024