“MyShake” proqramı smartfonunuzu zəlzələ detektoruna çevirir 2016-02-16 11:20:40 / KONFRANSLAR

Seysmoloq-alimlər və mobil proqram istehsalçıları smartfonu şəxsi zəlzələ detektoruna çevirən proqram işləyib hazırlayıblar.

 

Android əməliyyat sistemi üçün hazırlanmış “MyShake” proqramı smartfonun akselerometri vasitəsilə yaxınlıqda baş verən seysmik hadisələri təhlil edərək real zaman kəsiyində zəlzələnin maqnitudunu qiymətləndirir, əldə olunan məlumatlar isə seysmoloqlar tərəfindən analiz üçün mərkəzi məlumat bazasına yönləndirilir.

 

Alimlərin fikrincə, gələcəkdə istifadəçilərin inkişaf etmiş şəbəkəsinin köməyi ilə bu proqram erkən xəbərdarlıq sistemi kimi də istifadə edilə bilər.

 

Məlum olduğu kimi, dünya üzrə yayılan seysmik şəbəkələr zəlzələləri aşkar edərək alimlərə zəlzələlər barədə məlumatları intensiv olaraq çatdırır. Bu da öz növbəsində alimlərə Yer kürəsində daim baş verən geoloji proseslər nəticəsində yaranan seysmik təkanların qlobal təsvirini yaratmağa köməklik edir. Lakin seysmik şəbəkənin sıx olmadığı rayonların mövcudluğu alimlərə orada baş verən seysmik hadisələri izləyib qeydə almaqda çətinlik törədir. Layihənin rəhbəri,  Kaliforniyanın Berkli seysmoloji laboratoriyasının  direktoru Riçard Allenin sözlərinə görə, bu boşluqları öz smartfonları ilə "mülki alimlər" doldura bilərlər.

 

Sözügedən proqram smartfonun akselerometrinin köməyi ilə zəlzələ dalğalarını gündəlik həyatda baş verən digər titrəyişlərdən fərqləndirmək bacarığına malikdir.  MyShake zəlzələni aşkar etdiyi zaman dərhal həyəcan siqnalını emal mərkəzinə yönəldir.

 

Hazırda proqramın imkanları yalnız seysmik məlumatları toplamaq və mərkəzi serverə istiqamətləndirməklə məhdudlaşır. Proqramın növbəti versiyalarında isə istifadəçilərə zəlzələ haqqında xəbərdarlığın göndərilməsi nəzərdə tutulur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024