AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinə həsr olunmuş treninq keçirildi. Tədbirdə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının veb-saytlarına məsul şəxslər iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev treninq iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadə və İTİ-nin kollektivi adından salamladı. İnstitut direktoru qabaqcıl texnologiyaların inkişafı, İnternet-medianın meydana gəlməsi sayəsində müxtəlif hadisələri, ən yeni xəbərləri izləmək, o cümlədən informasiyanın əldə olunması, emalı və ötürülməsinin asan bir prosesə çevrildiyini qeyd edərək informasiya və multimedia məhsullarının yayılmasında veb-saytların mühüm rol oynadığını söylədi.
İnformasiya əsrində istənilən qurumun, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd edən akademik veb-resursların elmi fəaliyyətin təbliğinin yüksək səviyyədə təşkili, cəmiyyətin informasiya əldə etmək hüququnun təmin olunması və elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb etdiyini söylədi.
“AMEA-da elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir”, – deyə bildirən R.Əliquliyev akademiyanın institut və təşkilatlarının saytlarının monitorinqinin aparıldığını, monitorinqin nəticələrinə əsasən institutlar üçün xüsusi arayışların hazırlandığını diqqətə çatdırdı. Alimin sözlərinə görə, AMEA Rəyasət Heyəti monitorinqin nəticələri haqqında müvafiq Qərar qəbul edib. Qərarda bir sıra məsələlərlə yanaşı, akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair treninqin keçirilməsi də nəzərdə tutulub. Bu məqsədlə təşkil olunan treninq bu sahədə mövcud problemlərin müzakirəsi və həlli baxımından mühüm əhəmiyyətə malikdir.
Treninqdə veb-texnologiyaların müxtəlif istiqamətləri üzrə məruzələr təqdim olundu.
“Veb-texnologiyaların inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən institutun şöbə müdiri Gülnarə Nəbibəyova ümumdünya hörümçək torunun əsas anlayışları və tarixləri, veb-texnologiyaların inkişaf mərhələləri olan WEB1.0, WEB2.0, WEB3.0-ın əsas xüsusiyyətləri, onları bir-birindən fərqləndirən cəhətlərdən söz açdı. O, həmçinin kompüter elmləri sahəsində dünyanın aparıcı alimlərinin veb-texnologiyaların perspektivləri haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
“Veb-saytların işinin təşkili və idarə olunması” mövzusunda məruzə ilə çıxış edən institutun sektor müdiri Əfruz Qurbanova akademiyanın elmi müəssisə və təşkilatlarının saytlarının yaradılması və idarə edilməsinə dair tələblərdən söz açdı. Saytların dizaynı, proqram təminatı, dili, ünvanı, həmçinin saytların yaradılması və istismarına dair normativ-hüquqi sənədlər, AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının vəzifələrindən danışdı.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva “Veb-saytların informasiya təminatı” mövzusunda məruzə ilə çıxış etdi. Ü.Rzayeva saytların informasiya təminatı haqqında geniş təqdimatla çıxış edərək, İnternetdə müəlliflik hüquqlarının qorunması məsələsinə toxundu, bəzi xəbər və materiallarda, xüsusən də xarici məlumatlarda istinadların öz əksini tapmasının, müəllif və mənbənin göstərilməsinin zəruriliyini qeyd etdi.
İnstitutun elmi işçisi, Bakı Dövlət Universitetinin doktorantı Səadət Ağayeva“Veb-analitika: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda məruzəni təqdim edərək veb-analitikanın yaratdığı imkanlar və üstünlüklər haqqında məlumat verdi. Veb-analitikanın məqsədi, veb-saytın formalaşmasında veb-statistikanın rolundan bəhs etdi. Bildirdi ki, veb-analitika saytın fəaliyyətinin təkmilləşdirilməsi üçün lazım olan məlumatların hesablanmasını həyata keçirir.
Veb-saytların zəif tərəflərinin aşkara çıxarılması məqsədilə onların statistikasının aparıldığını qeyd edən S.Ağayeva ən çox müraciət olunan veb-statistika alətlərindən söz açdı. O, həmçinin tədqiqatçının elmi fəaliyyətinin və elmi jurnalların qiymətləndirilməsi, ölkələr və universitetlərin reytinqinin təyin edilməsi üçün istifadə olunan bir çox elmmetrik və vebometrik göstəricilər barədə danışdı.
Proqramçı Yusif Sadıyev “Veb-saytların təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edərək müasir dövrdə aktual problemlərdən olan saytların təhlükəsizliyinin təmini yolları barədə məlumat verdi. Dünyada veb-təhlükəsizlik sahəsi üzrə ümumi vəziyyət, kibermüharibələr, saytlara olan hücumlar, kiberhücumların xüsusiyyətləri, veb-platformaların təhlükəsizlik səviyyəsi, dəyə biləcək zərərin minumuma endirilməsindən söz açdı. Həmçinin AMEA-nın bəzi institut və təşkilatlarının veb-saytlarının proqram təminatlarının problemləri, kiberhücumlara qarşı mübarizədə Azərbaycanda mövcud vəziyyət haqqında danışdı.
Təqdimatlar treninq iştirakçıları tərəfindən maraqla qarşılandı, müxtəlif səpkili suallar cavablandırıldı, müzakirələr aparıldı.