Bu gün AMEA Fizika İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti büro iclası keçirildi.
Öncə bölmə üzvləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədovanı Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi münasibətilə təbrik etdilər.
Büro üzvləri, institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan AMEA FRTEB-nin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondununelan etdiyi kompleks elmi-tədqiqat proqramları üzrə layihələr müsabiqəsinə təqdim olunmuş layihələr müzakirə olundu. Bildirildi ki, bu müsabiqə akademik və təhsil sistemindəki elmi-tədqiqat müəssisələri, bölmə və mərkəzləri, o cümlədən elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin müxtəlif sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi nəticələr əldə olunmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır.
Sonra texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Xəqani Məmmədov isə Radiasiya Problemləri İnstitutunun“Radiokimya” laboratoriyasının rəhbəri vəzifəsinə təsdiq olundu.
İclasda, həmçinin Fizika İnstitutunda keçirilmiş attestasiyanın nəticələri və AMEA İdarəetmə Sistemləri İnstitutunda Təhsil şöbəsinin yaradılması məsələsi müzakirə olundu.
Sonda bir sıra kadr məsələlərinə baxıldı.