“Təqdimatı necə hazırlamalı?” 2016-01-19 09:13:40 / KONFRANSLAR

Effektiv təqdimatın hazırlanması təlim və təcrübə ilə əldə olunan bacarıqdır. Hər hansı bir mövzu haqqında təqdimat hazırlayarkən bir sıra məqamlara diqqət yetirmək vacibdir. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev institutun elmi seminarında bildirib. 

 

V.Musayevin sözlərinə görə, təqdimat hazırlayarkən öncə mövzu müəyyənləşdirilməli, əsas məqamlar vurğulanmalı, qısa, aydın və tam şəkildə əks olunmalıdır. Mətni lazımsız sözlərlə yükləyib dinləyiciləri yormaq məqsədəuyğun deyil.

 

Şöbə müdiri qeyd edib ki, təqdimatın vizuallaşdırması üçün “MS Power Point”, “Prezi” və bunlara bənzər onlarla proqramdan istifadə etmək olar. Təqdimatı hazırlayarkən bir stil və rəng seçilməlidir. Həmçinin mətnin oxunaqlı olması üçün onun şrifti və ölçüsünə diqqət yetirmək vacibdir.

 

Şəkil, qrafik, animasiya və s. kimi vizual elementlərdən yalnız mövzunu izah etmək və ya mənanı gücləndirmək üçün istifadə oluna bilər. Vizual elementlər mümkün qədər sadə və anlaşıqlı olmalıdır. Mətnə əlavə və dəstək olmalı, onu əvəz etməməlidir. Nəzərə almaq lazımdır ki, yersiz istifadə olunmuş vizual element dinləyicinin diqqətini yayındırır.

 

Təqdimatdan öncə məkan müəyyənləşdirilməli, iştirakçıların sayı, bilik səviyyəsi, auditoriyanın demoqrafik xüsusiyyətləri nəzərə alınmalıdır. İşıqlandırma cihazları, audio və video fayllar hazır olmalı, diqqət yayındıran elementlər aradan qaldırılmalıdır. Təqdimatın effektivliyinin təmin olunması üçün məşq etmək də mühüm amillərdəndir.

 

“Təqdimatla çıxış edən şəxslərin əksəriyyətində həyəcandan əl və ayaqların titrəməsi, ürək bulantısı və s. kimi hallara rast gəlinir. Həyəcanın bir sıra səbəbləri vardır: nəzarəti itirmək qorxusu, ehtiyat variantın olmaması, həvəssizlik, diqqət dağınıqlığı, ən əsası isə mövzunu sevməmək. Bu zaman həyəcanla mübarizə aparmaq deyil, onu nəzarətdə saxlamaq tövsiyə olunur”, – deyə V.Musayev bildirib.

 

Təqdimata başlamadan əvvəl iştirakçılarla kommunikasiya yaratmaq önəmlidir. Diqqət çəkmək və auditoriyanı ələ almaq üçün yumor, kiçik hekayə, təəccübləndirici statistik məlumatla başlamaq olar. Dinləyiciləri düşünməyə sövq etmək, onları müəyyən formada aktiv iştiraka dəvət etmək lazımdır. Sadə və anlaşıqlı danışmaq, informasiya axışına və səs tonuna nəzarət etmək, dinləyicilərin deyilənləri “həzm etməsi” üçün fasilə vermək, həmçinin göz təması vacibdir.

 

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək təqdimatın hazırlanmasının əslində mürəkkəb məsələ olduğunu bildirib. Qeyd edib ki, təqdimat hazırlayarkən internetin və informasiya-kommunikasiya texnologiyalarının verdiyi geniş imkanlar sayəsində rənglər, animasiyalar, kompüter qrafikası, audio, video fayllar və digər vizuallaşdırma texnologiyalarından istifadə etmək mümkündür. Təqdimatda çətin sözlərdən və terminologiyadan ifrat dərəcədə istifadə etmək məqsədəuyğun deyil. Bədən dili, mimika və jestlərdən istifadə dinləyicilərdə xoş təəssürat yaradır ki, bu da təqdimatın uğur əldə etməsinə zəmanət verir.

 

Alim bir sıra inkişaf etmiş ölkələrdə təqdimatın hazırlanması ilə bağlı kursların təşkil olunduğunu söyləyib. Bu sahədə beynəlxalq təcrübədən yararlanmağın zəruriliyini vurğulayıb. Məsələnin seminarda müzakirə olunmasını insanlarda təqdimat mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024