Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter istifadəyə verilib 2015-12-11 11:43:52 / KONFRANSLAR

“Google” şirkətinin kvant süni intellekt laboratoriyasının (Quantum Artifical İntelligence Lab) tədqiqatçıları “D-Wave 2X” kompüterinin sınaqlarının nəticələrini elan ediblər.

 

hi-news.ru saytının məlumatına görə, “Google” bu kompüteri 2013-cü ildə Kanadanın “D-Wave Systems” şirkətindən kompüterin imkanlarından süni intellektin yaradılması işində istifadə etmək məqsədilə satın alıb.

 

“Google” və “NASA” mütəxəssislərinin sözlərinə görə, “D-Wave” qarşıya qoyulan vəzifəni bir prosessorla işləyən ənənəvi kompüterlə müqayisədə 100 milyon dəfə sürətli yerinə yetirib.

 

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanika əsasında işləyən hesablayıcı qurğudur. O, ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir. Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssasdır.

 

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024