AMEA İnformasiya Texnologiyaları İnstitutunda Viki-Mərkəzin fəaliyyəti müzakirə edilib 2015-12-11 10:44:18 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən Viki-Mərkəzin 2015-ci ildəki fəaliyyətinin yekunları və 2016-cı ilə dair fəaliyyət planının müzakirəsi ilə bağlı müşavirə keçirilib. İnstitutun direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə keçirilən toplantıda institutun məsul şəxsləri və Viki-Mərkəzin əməkdaşları iştirak ediblər.

 

Qeyd edək ki, Viki-Mərkəz AMEA Rəyasət Heyətinin Qərarı ilə 2014-cü ildə yaradılmışdır. Mərkəz Vikipediya virtual ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması,  ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi və müasir həqiqətlərini, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin Vikipediyada yerləşdirilməsi, vikimetrik tədqiqatların aparılması, ayrı-ayrı sahələrin alim və mütəxəssisləri üçün Vikipediyaya aid nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar arasında Vikpediyanın populyarlaşdırılması və onların Vikipediyada Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması istiqamətlərində fəaliyyət göstərir. 

 

Müşavirədə çıxış edən R.Əliquliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaqda çıxışı zamanı  söylədiyi bəzi fikirləri xatırladıb: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur... Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilir. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik”.

 

R.Əliquliyev vurğulayıb ki, dövlət başçısının bu çağırışı Viki-Mərkəzin məsuliyyətini daha da artırır və qarşıya yeni vəzifələrin qoyulmasını zəruri edir. Qeyd olunub ki, Viki-Mərkəzin fəaliyyəti AMEA prezidenti, akademik Akif Əlizadənin diqqət mərkəzindədir və rəhbərlik bu mərkəzin fəaliyyətinin gücləndirilməsi üçün hər cür dəstək verir.

 

Bildirilib ki, Viki-Mərkəzdə elmi araşdırmalar da müvəffəqiyyətlə davam etdirilir. Bu istiqamətdə nailiyyətlərə misal olaraq olaraq viki-mühitin sosial-demoqrafik profilinin analizi, gizli sosial şəbəkələrin aşkarlanması, informasiya müharibəsi texnologiyalarinin viki-mühitdə reallaşdirilmasi problemlərinin analizi və toplanmış məlumatlar əsasında intellektual analiz metodlarının işlənməsi kimi işlər göstərilib.

 

Tədbirdə Viki-Mərkəzin 2015-ci ildəki fəaliyyəti müzakirə edilərək qənaətbəxş hesab olunub və növbəti il üçün fəaliyyət planı qəbul edilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024