İnformasiya mədəniyyətinin formalaşması istiqamətində araşdırmalar davam etdirilir 2015-11-30 13:56:59 / KONFRANSLAR

İnformasiya Texnologiyaları İnstitutunun illik hesabat iclasında institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2015-ci il üçün hesabatı dinlənilib. TİM-in rəhbəri vəzifəsini icra edən Sabirə Allahverdiyeva cari ildə mərkəzdə  yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verib. O, şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi mövzusunda aparılan elmi araşdırmaların davam etdirildiyini söyləyib. Bildirib ki, təhsil proseslərinin informasiyalaşdırılması problemləri istiqamətində intellektual oyunlar vasitəsilə orta məktəblərdə informatika fənninin tədrisi və uşaqların internetdə təhlükəsizliyi ilə bağlı tədqiqatlar aparılır.

 

S.Allahverdiyeva respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulunun mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edərək cari ildə bu istiqamətdə görülmüş işlərdən danışıb. Naxçıvan MR-da və Gəncə bölgəsində yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlara distant tədrisin həyata keçirildiyini bildirib. Eyni zamanda, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-nin müxtəlif istiqamətləri üzrə innovativ kursların təşkili ilə bağlı görülmüş işlər barədə məlumat verib.

 

Məruzəçi mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək bildirib ki, hər il olduğu kimi, cari ildə də ali məktəb tələbələri arasında informatika üzrə olimpiadanın final mərhələsinin keçirilməsi işinin təşkili və orta məktəb şagirdləri arasında VIII  İnformatika Layihə Olimpiadasında təşkilatçılıq işləri həyata keçirilib.

 

O, müxtəlif təyinatlı elmi nəşrlərin hazırlanması istiqamətində görülən işlərdən danışaraq bu il “İnformatika 555 test” kitabının nəşr olunduğunu qeyd edib.

 

S.Allahverdiyeva həmçinin elmi araşdırmaların nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunduğunu, əməkdaşların respublika və beynəlxalq səviyyəli elmi konfranslarda iştirak etdiyini vurğulayıb.

 

Sonra məruzə ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024