AMEA İnformasiya Texnologiyaları İnstitutunda cari il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti və digər məsələlərlə bağlı illik hesabat iclasları keçirilir.
Növbəti hesabat iclasında institutun sektor müdiri Rasim Mahmudov informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Məruzəçi e-dövlət quruculuğu istiqamətində aparılan tədqiqatlardan söz açaraq, e-dövlətin formalaşması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsinin informasiya cəmiyyəti quruculuğunun əsas tərkib hissəsi olduğunu bildirib. İnformasiya müharibəsi texnologiyaları problemləri, İnternetin tənzimlənməsi, informasiya və bilik iqtisadiyyatının formalaşması, informasiya təhlükəsizliyinin təmini, İnternetşünaslığın formalaşmasının müxtəlif aspektli problemlərinin həlli, milli İnternetskopiya sisteminin işlənməsinə dair mühüm tədqiqatların aparıldığını deyib.
Şöbə müdiri hesabat ili ərzində elmi-innovasiya fəaliyyəti istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 2 qrant layihəsi reallaşdırılıb. “Elektron-dövlətin qurulması proseslərinin təşkili və idarə olunması mexanizmlərinin işlənilməsi”, “İnternet mühitində Azərbaycan Respublikasına qarşı reallaşdırılan informasiya müharibəsi texnologiyalarının analizi və problemin həlli üçün təkliflərin işlənməsi” qrant layihələri həyata keçirilib. Bundan əlavə, Viki-mərkəz layihəsi həyata keçirilir. Layihə çərçivəsində AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris edilir. Kursu bitirənlərin bilikləri sertifikatlaşdırılır və onların viki-layihələrdəki fəaliyyətinin müntəzəm monitorinqi aparılır.
R.Mahmudov həmçinin şöbə əməkdaşlarının elmmetrik göstəricilərini diqqətə çatdırıb. İl ərzində impakt faktorlu jurnallarda çap olunan məqalələr, məqalələrə olan istinadların sayı, h-indeks, i10-indeks üzrə göstəricilər, beynəlxalq bazalarda (SCOPUS, DBLP və s.) indeksləşən jurnallarda nəşr edilən məqalələrə dair məlumat verib.
Məruzəçi, həmçinin şöbənin elmi-pedoqoji, elmi-təşkilati fəaliyyəti, institutun fəaliyyətinin KİV-də təbliği və reklam-marketinq işləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələri, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabçaların və kitabların nəşri istiqamətində görülən işləri nəzərə çatdırıb.
Sonra müzakirələr aparılıb, Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab olunub.