İnsan resurslarının idarə olunması üçün qərarların qəbulunu dəstəkləyən sistemlərin yaradılması istiqamətində araşdırmalar aparılır 2015-10-29 17:47:31 / KONFRANSLAR

Biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində təşkilatın fəaliyyətinin səmərəliliyi və rəqabətqabiliyyətliyinin təmini insan amilinə diqqəti artırıb. Bu səbəbdən son zamanlar təşkilatın müvəffəqiyyət əldə etməsində onun personalına xüsusi önəm verilir. Bu isə idarəetmə konsepsiyasının dəyişməsini və onun mərkəzində duran insan amilinin önə çıxmasını şərtləndirir. Konsepsiyada insan təşkilatın əsas resursu hesab edilir və o, digər resurslardan fərqli olaraq, öz bilik və bacarıqlarını təşkilatın qarşısında duran məsələlərə uyğun formalaşdıra və istiqamətləndirə bilən intellektual kapital kimi dəyərləndirilir. Bu intellektual kapital isə daha düzgün və şəffaf idarəetmə yanaşması tələb edir. Odur ki, kadr siyasətinin əsasını təşkil edən insan resurslarının idarə olunması (İRİO) məsələlərinin həllində daha obyektiv qərarların qəbul olunması üçün kadrların planlaşdırılması, seçilməsi, işə cəlb olunması, adaptasiyası, işdən azad edilməsi, motivasiyası, inkişafına və s. xüsusi diqqət göstərilir.

 

Bu məsələlərin həllində qərar qəbul edən şəxs işçini xarakterizə edən informasiyanı, onun haqqında bildirilən rəy və fikirləri nəzərə almalı olur. Bu zaman mühüm faktorlardan biri də onun kompetensiyaları əsasında qiymətləndirilməsidir. İnformasiyanın həcminin çoxluğunun, mürəkkəb və ziddiyyətli, kəmiyyət və keyfiyyət xarakterli olmasının qərar qəbulu prosesində yaratdığı problemlərin intellektual texnologiyalar çərçivəsində həlli, İRİO üçün qərarların qəbulunu dəstəkləyən sistemlərin, müvafiq model və metodların işlənilməsi aktual məsələlərdəndir.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar da məhz İRİO üçün qərarların qəbulunu dəstəkləyən sistemlərin yaradılması istiqamətində aparılan tədqiqatlar və yeni yanaşmaların müzakirəsinə həsr edilmişdir.

 

Məruzəçi texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova intellektual dəstək tələb edən İRİO məsələlərinin spesifik cəhətlərindən danışıb, qeyri-səlis mühitdə reallaşan qiymətləndirmə məsələsi olduğunu qeyd edib. Şöbədə bu istiqamətdə aparılmış tədqiqatların nəticələri və təklif edilən qərar qəbulu metodlarından söz açan məruzəçi bildirib ki, tədqiqatların əsas məqsədi qərar qəbulu prosesinə daha adekvat metodların işlənilməsidir. Onun sözlərinə görə, bu kimi məsələlərdə alternativlərin (məsələn, alternativ dedikdə, işə qəbul olunmaq istəyən namizədlər nəzərdə tutulur və s.) bilik və bacarıqları, şəxsi keyfiyyətləri və psixoloji durumu kimi keyfiyyət xarakterli cəhətlərin qiymətləndirilməsi üçün son zamanlar ekspert yanaşması, o cümlədən testoloji yanaşmadan geniş istifadə olunur.

 

Z.Cəbrayılova beynəlxalq tədqiqatlara istinad edərək, işə qəbul məsələsinin həllində istifadə olunan bir sıra psixometrik testlər haqqında da məlumat verib, onların tətbiqinin əhəmiyyətindən söz açıb. Bildirib ki, işə qəbul olunmaq istəyənlərin psixometrik qiymətləndirilməsi onların seçiminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, işçilərin əməkdaş kimi inkişafı prosesində də mühüm rol oynayır. O, təklif edilən metodlar çərçivəsində psixometrik testlərin istifadəsi imkanlarının araşdırıldığını diqqətə çatdırıb. Həmçinin şöbədə işlənilən İRİO üçün qərarların intellektual dəstəklənməsi sistemində psixohəndəsi testlərin istifadəsi ilə işə qəbul məsələsinin həll alqoritmini təqdim edib.

 

Sonra məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024