“Müasir dövrdə dünyada texnoparklar innovativ iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir. Texnoparklar iqtisadiyyatın yeni sahələrinin formalaşmasında böyük rola malikdir”. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin sədrliyi ilə keçirilən elmi seminarda çıxış edən institutun böyük elmi işçisi Roza Şahverdiyeva bildirib. “Texnoparkların formalaşma xüsusiyyətləri və inkişaf mərhələləri” adlı məruzəni təqdim edən R.Şahverdiyava elmi-tədqiqat fəaliyyətinin nəticələrinin kommersiya məhsuluna çevrilməsi və bazara çıxarılmasının təşkili ilə məşğul olan texnoparkların yüksək texnologiyaların cəmləşdiyi bir ərazi olduğunu qeyd edib.
R.Şahverdiyeva apardığı ümumiləşdirmələr əsasında qeyd edib ki, texnoparklar – innovasiya məhsulunun və yüksək texnologiyaların işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatlar və təcrübə-konstruktor işlərinin nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu, maddi-texniki bazası, ərazisi və idarəetmə strukturları olan xüsusiləşdirilmiş qurumdur.
Bildirib ki, texnoparkların yaradılması müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyaların genişləndirilməsi, innovasiya şirkətlərinin formalaşdırılması, yüksək ixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması, təhsil müəssisələri, elmi tədqiqat institutları və sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə xidmət edir.
Texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələrini diqqətə çatdıran məruzəçi bu sahələrin İKT və telekommunikasiya, biotexnologiya, ətraf mühit və ekologiya, elektronika, proqram mühəndisliyi, kompüter elmləri və avadanlığı, biznes və sənaye xidmətləri, mikrokompüter və nanotexnologiya kimi sferaları əhatə etdiyini söyləyib.
O, həmçinin texnoparkların funksional növləri, təşkilati strukturu, mülkiyyət formaları, formalaşma xüsusiyyətləri və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib, texnoparkların fəaliyyətinin stimullaşdırma mexanizmləri, hüquqi aspektləri, formalaşma və inkişaf mərhələlərini diqqətə çatdırıb.
Elmi texnoparkların yaradılması və fəaliyyətinin təşkili üzrə beynəlxalq təcrübədən söz açan R.Şahverdiyeva elmi parkların say tərkibi, onların qabaqcıl ölkələr üzrə paylanması, iqtisadi və innovativ beynəlxalq təşkilatlar, o cümlədən Rusiya, Çin, İspaniya və Türkiyə texnoparklarının ixtisaslaşdığı istiqamətləri diqqətə çatdırıb. Azərbaycanda fəaliyyət göstərən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Yüksək texnologiyalar parkı”, “Sumqayıt Texnologiyalar Parkı”, “Sumqayıt kimya sənaye parkı”, “Qafqaz Universiteti texnoparkı”, Xəzər Universitetində “Sənaye mərkəzli texnoparkı” və digər texnoparkların fəaliyyət istiqamətləri barədə danışıb.
Sonra məruzə ətrafında ətraflı müzakirələr aparılıb. Elmi-tədqiqat işinin daha da inkişaf etdirilməsiylə bağlı bir sıra təklif və tövsiyələr verilib.