Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb 2015-10-23 17:25:44 / KONFRANSLAR

Müxtəlif nümayiş, etiraz aksiyalarında iştirak edən insanların sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb. Proqram təminatını ABŞ-ın Mərkəzi Florida  Universitetinin mütəxəssisləri hazırlayıblar.

 

Bir qayda olaraq nümayişlərdə, mitinqlərdə iştirak edənlərin sayı gözəyarı, ərazi vahidinə düşən adamların vizual hesablanması üsulu ilə təxmini müəyyən edilir. Bu zaman nəticələr orta hesabla hesablanır.

 

Amerikalı mütəxəssislərin hazırladığı proqram təminatı isə bu işin avtomatik, operativ və düzgün həyata keçirilməsinə imkan yaradır. www.dailytechinfo.org saytının bildirdiyinə görə, yeni proqram təminatı aksiya yerində yuxarıdan, yüksəklikdən çəkilmiş fotoşəkilləri (aero-fotolar) analiz edərək, toplaşan adamların sayını bir neçə həftəyə deyil, 30 dəqiqə ərzində müəyyənləşdirir.  

 

Mərkəzi Florida Universitetinin informatika üzrə professoru Mübarək Şah bildirib ki, insanların kütləvi şəkildə toplaşdığı yerdə onların sayının avtomatlaşdırılmış kompüter analizi indiyədək heç bir  yerdə aparılmayıb. Mübarək Şahın fikrincə, proqramdan təkcə mitinq və nümayişlərdə insanların sayının hesablanmasında deyil, açıq havada keçirilən başqa ictimai tədbirlərdə də istifadə oluna bilər. Professor vurğulayıb ki, proqram fövqəladə hallarda insan həyatının vaxtında xilas olunmasına da yardım edə bilər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020