“ITU Telecom World 2015” sərgisi öz işinə başlayıb 2015-10-15 10:03:07 / KONFRANSLAR

Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının İKT sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə “ITU Telecom World 2015” sərgisi start götürüb.

 

Sərgidə "Huawei", "Intel", "Magyar Telekom", "TDIA and ZTE" kimi nəhəng şirkətlər, o cümlədən Azərbaycan, Çin,  Ciboti, Macarıstan,  Koreya Respublikası,  Malavi, Nigeriya, Səudiyyə Ərəbistanı kimi ölkələrin yüksəksəviyyəli nümayəndələri iştirak edir.
 

Beynəlxalq tədbirdə Azərbaycan rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

 

“ITU Telecom World 2015” sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumları və 20-dək özəl İT şirkətin nümayəndələri iştirak edirlər.

 

ictnews.az xəbər xidmətinin məlumatına görə, “ITU Telecom World 2015” çərçivəsində keçiriləcək rabitə tənzimləyiciləri rəhbərlərinin sammitində nazir Ə.Abbasovun məruzə ilə çıxışı nəzərdə tutulub.  

 

Oktyabrın 12-dən 15-dək davam edəcək tədbir əsas direktiv və tənzimləyici orqanların nümayəndələrini, sahə mütəxəssislərini, sərmayədarları, sahibkarları və novatorları bir araya gətirəcək.

 

Qlobal tədbirin məqsədi ideyaların daha geniş və operativ yayılmasına, eləcə də İKT əsaslı innovativ həllərin tətbiqinin aktivləşdirilməsinə dəstək göstərilməsindən ibarətdir. 

 

ITU Telecom World 2015”də rəqəmli həllərin, ölkələri və regionları təmsil edən yeni yaradılmış müəssisələrin və dünyanın sahə üzrə aparıcı nümayəndələrinin ən yaxşı ideyalarının nümayiş etdirilməsi nəzərdə tutulur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024