AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyova tədbirin “Veb-statistika alətlərinin müqayisəli təhlili” mövzusuna həsr olunduğunu bildirib.
Məruzəni təqdim edən institutun kiçik elmi işçisi Səadət Ağayeva veb-saytların statistikasının aparılmasının saytın fəaliyyətinin təkmilləşdirilməsi baxımından vacib məsələlərdən olduğunu bildirib. S.Ağayeva 1995-ci ilin avqust ayından bu günədək dünyada 892743625 saytın qeydə alındığını diqqətə çatdırıb. Məruzəçi bildirib ki, saytların sayının çoxluğu rəqabətədavamlılıq baxımından vəziyyətin operativ qiymətləndirilməsi və qərarların qəbulunu tələb edir. Onun sözlərinə görə, veb-saytın statistikasının aparılması saytın funksionallığının artırılması, reklam şirkətlərinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi, saytın strukturu, kontenti və naviqasiyasında problemlərin aşkarlanması və digər aspektlərin inkişafında mühüm əhəmiyyət kəsb edir.
S.Ağayeva bildirib ki, veb-saytların statistikası marketinq strategiyasının düzgün qurulmasına şərait yaradır. Statistikanın aparılmasının saytın internet mühitində nüfuzu və auditoriyasının öyrənilməsinə, rəqib saytların üstün cəhətlərinin və istifadəçi coğrafiyasının, o cümlədən sayta müraciət edən istifadəçilərin zaman üzrə aktivliyinin müəyyənləşməsinə xidmət etdiyini söyləyib. Qeyd edib ki, veb-statistika ümümilikdə saytın fəaliyyətinin təkmilləşdirilməsi üçün lazım olan məlumatların hesablanmasını həyata keçirir.
Məruzəçi veb-saytın marketinq strategiyasının formalaşmasında veb-statistikanın rolu, veb-statistika alətləri haqqında məlumat verib, dünyanın ən çox müraciət olunan xəbər saytlarının reytinqini təqdim edib.
Veb-statistikanın sayğaclar və loq-analizatorlar vasitəsilə aparıldığını söyləyən məruzəçi “Google Analytics”, “Яндекс.Метрика”, “Liveinternet” kimi statistik məlumatlar təqdim edən xidmətlərin üstünlüklərindən söz açıb. O, həmçinin www.ict.az saytının “Google Analytics”dəki hesabında əks olunmuş məlumatlara əsaslanan statistikasını əyani nümayiş etdirib.
Veb-statistikanın mövcud problemlərindən danışan S.Ağayeva bildirib ki, bəzi statistika xidmətlərində saytı qeydiyyatdan keçirməklə sayt haqqında statistik məlumatlar bütün dünyaya ötürülür. Məruzəçi bu zaman ölkənin təhlükəsizliyi məsələsinə diqqət yetirilməsinin vacibliyini də qeyd edib.
Sonra suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.