AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi Şurasının iclasında AMEA üzrə Elektron elmin inkişafına dair Fəaliyyət Planında nəzərdə tutulmuş məsələlərin icra vəziyyətinə dair məruzə edilib. İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov Fəaliyyət Planı çərçivəsində AMEA-nın institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
R.Ələkbərovun sözlərinə görə, AMEA-nın texniki təminatı, AzScienceNet şəbəkəsinin Data Mərkəzinin istismarı, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Akademiya üzrə böyük hesablama gücünə və yaddaş resurslarına tələbatı olan elmi araşdırmaların aparılması üçün İnternet üzərindən bulud xidmətləri göstərilir.
Baş mühəndis qeyd edib ki, akademiya üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, Elektron elmin formalaşmasının elmi-praktiki problemlərinin araşdırılması, ölkədaxili və beynəlxalq inteqrasiyasının inkişaf etdirilməsi görülən işlər sırasındadır.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 24 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Fəaliyyət Planındakı məsələlərin icrası istiqamətində “Elektron elmin monitorinqi” informasiya sisteminin yaradılması, Elektron elmin indikatorları üzrə analizin aparılması, monitorinqin nəticələrinin dəyərləndirilməsi və təkliflərin işlənilməsi kimi bir çox tədbirlər həyata keçirilib. Həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrində distant tədris mərkəzləri yaradılıb.
Məruzəçi AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirlərə hazırlıq işləri haqqında da məlumat verib. “AMEA-70” sənədli filminin çəkilişlərinin və təşkilati işlərin davam etdirildiyini, eyni adlı kitabın və digər nəşr materiallarının hazırlandığını diqqətə çatdırıb. Dizayn işlərinin, sərgilərin təşkili və texniki təminata dair məsələlərin İTİ-yə həvalə olunduğunu söyləyib.
O, bildirib ki, sərgidə nümayiş üçün institutun fəaliyyəti haqqında Azərbaycan, rus və ingilis dillərində broşur, o cümlədən videoçarx hazırlanmış, əməkdaşların elmi əsərləri, impakt faktorlu jurnallarda çap olunmuş məqalələri və digər nəşr materialları toplanmışdır.
Sonra geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.