Almaniyanın Maks Plank İnstitutunda fəaliyyət göstərən bir qrup tədqiqatçı daxili təzyiq sensorlarına malik elektron örtük hazırlayıb. Bu örtük insanın əlinə yapışdırılaraq smartfon və ya digər qurğuların distant idarə olunması üçün istifadə olunur. Silikon və tibbi yapışqandan ibarət olan ağıllı örtüyü asanlıqla çıxarmaq mümkündür.
“iSkin” adlı qadjet ismarıc mətninin yazılması da daxil olmaqla smartfonun bəzi funksiyalarını idarə etməyə imkan verir. Simli rabitə sisteminə malik örtüyün yaradıcıları gələcəkdə ona simsiz rabitə modulları əlavə etməyi planlaşdırırlar.
“Daşınan elektronika, əsasən, bədəndə daşınması çətin olan bərk qurğularla təqdim edilib. Bu kimi qadjetlərin funksiyaları olduqca məhduddur. Bizim hazırladığımız örtük elastik və dayanıqlıdır, onu bilək və ya qulağın əks tərəfinə yapışdırmaq olar”, – deyə “iSkin” istehsalçılarından biri Martin Veyqel bildirib.
“iSkin”dən ağıllı bijuteriya və ya ağıllı geyim də daxil olmaqla bir çox sferalarda istifadə etmək mümkündür.