Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparılır 2015-07-21 09:58:18 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin müdiri Şakir Mehdiyev şöbənin cari ilin I yarısı üzrə hesabatını təqdim edərək elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən söz açıb. Bildirib ki, korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edən məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin, həmçinin AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli Sərəncamı ilə aparılmış AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elmin monitorinqinin nəticələrinin toplanması və təhlili işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb.

 

O, qeyd edib ki, AMEA-nın Ümumi yığıncağına texniki dəstək işləri, AMEA Naxçıvan Bölməsinin kompüter şəbəkəsinin infrastrukturu və bölmədə distant tədris mərkəzinin yaradılması və s. cari ildə görülmüş işlər sırasındadır.

 

Ş.Mehdiyev, həmçinin elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfrans və simpoziumlarda iştirak, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi və digər işlərlə bağlı həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb.

 

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024